Bakı. Trend:
Pirallahı Sənaye Parkında dərman preparatları istehsal edəcək müəssisə Azərbaycanı mühüm dərman preparatları ilə təmin edəcək.
Trend xəbər verir ki, bunu "Gen Pharma Caucasus Manufacturing Operations" şirkətinin rəhbəri Abidin Gülmüş Pirallahı Sənaye Parkında Əczaçılıq Müəssisəsinin təməlqoyma mərasimində deyib.
"Bu gün tarixi gündür. Bu layihə Azərbaycan səhiyyəsinə töhfə verəcək və ölkəni mühüm dərman preparatları ilə təmin edəcək. Bu müəssisə təkcə əczaçılıq zavodu deyil. Bu zavod əczaçılıq fakültəsini bitirmiş tələbələrin işlə təmin olunmasına imkan yaradacaq, həmçinin, onların layihələrinin icrası üçün platforma qismində çıxış edəcək", - o deyib.
Onun sözlərinə görə, lahihə 2 mərhələdən ibarətdir.
"Birinci mərhələni 2025-ci ilin sonunadək yekunlaşdırmağı planlaşdırırıq. İkinci 2026-cı ildə başlamalıdır", - o deyib.
Qeyd edək ki, "Gen Pharma Caucasus Manufacturing Operations" MMC Pirallahı Sənaye Parkında rezident statusu alıb. Beləliklə, sənaye parkının rezidentlərinin sayı 6-ya çatıb.
Sənaye parkının 7,8 hektar ərazisində şirkət yüksək keyfiyyətli 42 adda müxtəlif doza və formada (həblər, kapsullar, jelatin kapsulları, suspenziya üçün toz, şərbət) dərman məhsulları istehsal olunacaq.
İllik istehsal gücü 50 milyon qablaşdırma olaraq nəzərdə tutulan müəssisə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" və "Sia Pharmaceuticals" MMC arasında üçtərəfli əməkdaşlıq çərçivəsində inşa olunacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova)