Bakı. Trend:
Bakı şəhərində Azərbaycan-İraq Biznes Forumu keçirilib.
Trend xəbər verir ki, forumda Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, İraq ticarət naziri Atar Davud Salman Əl Qrairi (Atheer Dawood Salman Al Ghrairi), AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, İraq ticarət palataları federasiyasının rəhbəri Abdularazaq Əl-Zuhiri və KOBİA-nın rəhbəri Orxan Məmmədov iştirak edib.
Qeyd edək ki, 20 noyabr 2023-cü il tarixində İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfər edib. Bu, tarixdə ilk dəfə İraq Prezidentinin Azərbaycana səfəri olub. Səfər zamanı ticarət və enerji məsələləri, vizanın asanlaşdırılması müzakirə edilib.
Ölkələr arasında 5 sənəd imzalanıb, bunlar arasında 10 noyabr 2010-cu il tarixli ticarət, iqtisadiyyat, elm, texnika və mədəniyyət sahələrində əməkdaşlıq sazişi, 20 noyabr 2023-cü il tarixli hava əlaqəsi sazişi daxildir.
2023-cü ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 19,6 milyon dollar təşkil edib. Azərbaycan İraqdan bitki və heyvan yağları, şəkər, kağız, karton, karton məhsulları, kakao idxal edir.
2023-cü ilin noyabr ayından Bakı-Bağdad uçuşları həyata keçirilir. 2 fevral 2024-cü ildən isə Bakı-Kərkük marşrutu üzrə uçuşlar başlayıb. Uçuşları “Iraqi Airways” həyata keçirir.
Bakıdan Ərbil və Bəsrə şəhərlərinə də aviareyslərin açılması planlaşdırılır.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı şəhərində keçirilən “Azərbaycan-İraq” Biznes Forumunda bildirib ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan və İraq arasında ticarət dövriyyəsi 49% artıb.
“Ölkələrimizin liderlərinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və İraq arasındakı ikitərəfli münasibətlər güclənir. Bununla bağlı 20 noyabr 2023-cü ildə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərini xüsusilə vurğulamaq istərdim. Bu səfər münasibətlərimizin müqavilə və hüquqi bazasının genişləndirilməsinə mühüm töhfə verdi. Siyasi, sosial, turizm və nəqliyyat sahələrini əhatə edən razılaşmaların və anlaşma memorandumlarının imzalanması tərəfdaşlığımızı daha da möhkəmləndirdi”, – Mikayıl Cabbarov qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanda müxtəlif sahələrdə təxminən 170 İraq şirkəti fəaliyyət göstərir.
“Azərbaycan şirkətlərinin İraqda fəaliyyət göstərməsi üçün geniş potensial mövcuddur. Azərbaycan şirkətləri İraqda iri infrastruktur layihələrində podratçı olaraq iştirak edib və ölkədə tikinti, enerji, su təminatı, yollar və körpülər sahələrində tələbat yerli şirkətlərimiz üçün yeni imkanlar açır.
Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasındakı iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayır və Azərbaycan bu sahədə əməkdaşlıq potensialını qiymətləndirməkdə maraqlıdır”, – nazir vurğulayıb.
O, həmçinin, kiçik və orta biznes müəssisələri arasında qarşılıqlı əlaqələrin artırılmasının ikitərəfli iqtisadi, xüsusilə ticarət və investisiya münasibətlərinin gücləndirilməsi üçün vacib olduğunu qeyd edib.
M.Cabbarov yaradılan Azərbaycan-İraq Biznes Şurasının kiçik və orta müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacağını əlavə edib.
Nazir hesab edir ki, Azərbaycanın nəqliyyat-tranzit potensialı, regional və beynəlxalq əhəmiyyətli layihələr, Azərbaycan tərəfindən təşəbbüs göstərilən və iştirak olunan layihələr, Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və digər layihələr qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlavə imkanlar açır.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib ki, İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.
O qeyd edib ki, gələn il Azərbaycandan ticarət və ixrac missiyası İraqa səfər edəcək.
Qeyd edək ki, “Azərbaycan-İraq” Biznes Forumunda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.
Y.Abdullayev noyabrın 14-də İraq şirkətlərini Bakıda keçiriləcək COP29 çərçivəsində investorlar üçün nəzərdə tutulmuş tədbirlərdə iştirak etməyə dəvət edib.
Mikayıil Cabbarov Bakıdakı “Azərbaycan-İraq” biznes forumunda bildirib ki, Azərbaycan İraq şirkətlərini işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirak etməyə dəvət edib.
"Biz işğaldan azad edilmiş ərazilərin inkişafına dair özəl investisiyaların cəlb edilməsinə fəal dəstək veririk, burada sərfəli investisiya mühiti yaradılıb", – nazir qeyd edib.
O, işğaldan azad edilmiş ərazilərdə investisiyaların cəlbediciliyini artırmaq məqsədilə Azərbaycan tərəfindən 2023-cü ilin yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlərin tətbiq edildiyini vurğulayıb.
"Avadanlıq, texnoloji cihazlar və materiallar 2023-cü ilin əvvəlindən 10 il müddətinə ƏDV və idxal gömrük rüsumlarından azaddır. Eyni zamanda, hüquqi şəxslərin səhmdarlarının dividendləri vergidən azaddır", –Cabbarov əlavə edib.
O, Bakıdakı biznes forumunun iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın güclənməsinə gətirib çıxaracağına əminliyini bildirib.
İraq ticarət palataları federasiyasının Prezidenti Abdularazaq Əl-Zuhiri bildirib ki, Azərbaycan və İraq arasında logistika və tranzit potensialının inkişafı üzrə perspektivlər mövcuddur.
O, bu mövzular üzrə ətraflı müzakirələrin sabah Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşdə baş tutacağını qeyd edib.
"Logistika və tranzit məsələlərinin genişləndirilməsi Azərbaycan və İraq arasındakı iqtisadi münasibətlərin inkişafı üçün vacibdir", – o vurğulayıb.
İraq rəsmisi, həmçinin, bu gün yaradılan İşgüzar Şuranın iki ölkə arasındakı əməkdaşlığın güclənməsinə kömək edəcəyini əlavə edib.