Bakı. Trend:
Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişaf strategiyası ölkənin gələcək artımı və innovativ inkişafı üçün səmərəli ekosistemin yaradılmasına yönəlib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.
M.Cabbarov qeyd edib ki, ölkə iqtisadiyyatı sabit artım nümayiş etdirir.
"2024-un 8 ayda Ümumi Daxili Məhsul 4,3% artmış, o cümlədən qeyri-neft sektorunda 7 % artım olmuşdur. Belə bir irəliləyiş bizə gələcək və innovasiyalar barədə danışmağa imkan verir. Azərbaycanın iqtisadiyyatının və innovasiya potensialının inkişafı üçün yalnız iqtisadi artımı təmin etmək deyil, həm də insan kapitalına investisiya qoymaq vacibdir", - o bildirib.
M.Cabbarov təhsil sisteminin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüsləri qeyd edib:
"Bu təşəbbüslər yeni iqtisadi reallıqlara uyğunlaşa biləcək kadrların hazırlanmasını nəzərdə tutur.
2017-ci ildən etibarən Azərbaycanda startaplar, pilot layihələr və 100 minlərlə tələbəni əhatə edən proqramlar daxil olmaqla rəqəmsal bacarıqların tədrisi sistemi tətbiq olunmağa başlayıb. Bu təhsil islahatları, o cümlədən "Sabah Hub" proqramı ən yaxşı tələbələrin potensialını inkişaf etdirməyə və innovativ mütəxəssislər cəmiyyəti yaratmağa yönəlib", - o əlavə edib.
M.Cabbarov həmçinin, xarici mütəxəssislər və investorlar üçün açıqlığın vacibliyini vurğulayıb.
"Azərbaycan "yaşıl" enerjinin inkişafı layihələrinə fəal şəkildə sərmayə qoyur və hazırda ümumi gücü 7 giqavatdan çox olan layihələr həyata keçirilir. Qoyulmuş məqsədlərə nail olmaq üçün bütün maraqlı tərəflərin qarşılıqlı fəaliyyəti və dəstəyi mühüm rol oynayır. Azərbaycanda hazırlanmış rəqəmsal iqtisadiyyatın inkişafına dair dövlət strategiyası çoxsaylı təşəbbüsləri əhatə edir və ölkənin gələcək artımı və innovativ inkişafı üçün səmərəli ekosistemin yaradılmasına yönəldilib", - nazir qeyd edib.
Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.