...

Bakıda ikinci Azərbaycan-Koreya biznes-forumunun keçirilmə tarixi müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2006 14:45 (UTC +04:00)

28 avqust 2006-cı il tarixində Bakıda Azərbaycan-Koreya biznes-forumu keçiriləcək. Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) press-relizinə istinadən xəbər verir ki, tədbir İqtisadi İnkişaf Nazirliyinin AZPROMO-nun, Koreya tərəfdən isə Ticarət, Sənaye və Energetika Nazirliyi (MOCIE) və Ticarət və Sənaye Palatasının (KCCI) dəstəyi ilə keçirilir.

70 nəfərə yaxın üzvdən ibarət Koreya nümayəndə heyətinin tərkibinə Koreya Elektrik Enerjisi Korporasiyası (KEPCO), Koreya Qaz Korporasiyası (KGC), Koreya Milli Neft Korporasiyası (KNOC), Koreyanın İdxal-İxrac Bankı, Kənd Təsərrüfatı Biotexnologiyaları üzrə Koreya Milli İnstitutu və digər təşkilatların nümayəndələri daxildir. Bakıya gələn özəl şirkətlər sırasında "Daewoo International Corporation", "Hyundai Electric & Machinery", "SK Corporation" kimi dünya-miqyaslı korporasiyalar, habelə tikinti, ticarət, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərən tanınmış şirkətləri də qeyd etmək olar.

Koreya nümayəndə heyətinə ticarət, sənaye və energetika nazirinin müavini cənab Li Uon Qul rəhbərlik edəcək.

Azərbaycan tərəfindən biznes forumda 80-ə qədər şirkətin nümayəndələrinin, habelə dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur. Forum çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırırlır.

"Biz Cənubi Koreya təmsilçilərindən iki ölkənin iş adamları üçün faydalı olacaq təkliflər gözləyirik. Əsas diqqət Koreya texnologiyalarının Azərbaycanda tətbiqi, birgə müəssisələrin yaradılması məsələlərinin müzakirəsinə yönəldiləcək", - AZPROMO Müşahidə Şurasının sədri Çingiz Əsədullayev bildirib.

"Bizim üçün ən arzuolunan nəticə qeyri-neft sektoruna Koreya sərmayələrini cəlb etmək olardı", - deyə AZPROMO-nun prezidenti Emil Məcidov bildirib.

İlk Azərbaycan-Koreya biznes-forumu 11 may 2006-cı ildə Bakıda təşkil olunub. Forum Cənubi Koreya prezidenti Ro Mu Xenun Azərbaycana səfəri çərçivəsində keçirilib. İyulun 18-dən sonra Seulda Azərbaycanın investisiya imkanlarına həsr olunmuş biznes-seminar keçirilib.

Xəbər lenti

Xəbər lenti