...

Statoil və Ernst & Young Azərbaycan Dövlət İqtisad Universitetində birgə təqdimat keçirdilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2006 17:35 (UTC +04:00)

22 dekabr 2006-cı il tarixində Ernst & Young və qlobal neft və qaz istehsalçısı Statoil nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunun 4-cü kurs tələbələri üçün birgə təqdimat keçiriblər. Bu barədə Trend Ernst & Young şirkətinin məlumatına istinadən xəbər verir.

Statoil şirkətinin idarə etdiyi Azərbaycan Qaz Təhcizatı Şirkətinin maliyyə məsələləri üzrə meneceri Ələkbər Abbaslı və Ernst & Young şirkətinin audit üzrə meneceri Turqay Teymurov tələbələrlə neft və qaz istehsalı sahəsində mühasibat uçotu məsələlərini müzakirə ediblər. Müzakirə zamanı Azərbaycanda neft və qaz istehsalı sənayesi, xərclərin kapitallaşdırılması və müxtəlif mühasibat uçotu sistemləri arasında fərqlər kimi məsələlərə toxunulub. Məruzəçilər təqdimatı interaktiv məşğələ formasında hazırlayıb keçiriblər. Tələbələr məruzəçilərlə aktiv müzakirələr aparıblar.

Təqdimat aparıcı qlobal peşəkar xidmətlər şirkəti olan Ernst & Young tərəfindən ABŞ Ticarət Palatasının maliyyə dəstəyi ilə müasir mühasibat uçotu mövzusunda təşkil edilmiş kurs çərçivəsində aparılıb.

Kursun təşkilatçıları inanırlar ki, tələbələrin akademik biliklərinin praktiki nümunələrlə təmasda olmasını təmin etmək üçün standart təlim kurslarına bu cür müasir mexanizmlər də daxil edilməlidir və bu cür təşəbbüsləri həvəsləndirirlər.

Statoil ən böyük qlobal neft və qaz şirkətlərindən və Azərbaycanda neft və qaz istehsalı sahəsində mühüm xarici sərmayəçilərdən biridir. 33 ölkədə nümayəndəliyi olan bu şirkət həmin ölkələrin 15-də kəşfiyyat və hasilatla məşğul olur. Şirkətin baş ofisi Norveçin Stavanger şəhərində yerləşir.

Azərbaycanda ABŞ Ticarət palatası qeyri-kommersiya təşkilatı olub Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsi ilə məşğul olur və Azərbaycanlı və xarici sahibkarlar üçün kommersiya imkanlarını tədqiq edir. Palata Azərbaycanda yeni qlobal mühasibat uçotu standartlarına keçməyə yönəlmiş səyləri dəstəkləyir.

Ernst & Young, peşəkar xidmətlərin göstərilməsində qlobal lider, maliyyə hesabatlarının keyfiyyətini təkmilləşdirmək üçün səylərini əsirgəmir. 140 ölkədə 114,000 işçi ilə audit, mühasibat uçotu, vergi məsələləri və iqtisadi əməliyyatlar sahələrində təməl biliklərə əsaslanaraq, mürəkkəb xidmətlərin göstərilməsində ən yüksək səviyyəli düzlük, keyfiyyət və peşəkarlığa sadiq qalırlar. Ernst & Young bütün MDB-də on üç ofisdə çalışan 2,637 əməkdaşı vasitəsilə xidmətlər təklif edir.

Xəbər lenti

Xəbər lenti