Dünya Gömrük Təşkilatı (DGT) kontrafakt dərmanlara qarşı mübarizəyə terrorizmlə eyni səviyyədə baxır. Trend ə görə bu barədə Bakıda cümə axşamı günü təşkilatın rəhbəri Mişel Dane kontrafakt dərman preparatlarına qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilmiş mətbuat konfransında məlumat verib.
2007-2008-ci illərdə təşkilat kontrafakt məhsullara qarşı mübarizəyə həsr olunmuş konfrans və seminarları Malaziya, Dubay, Fransada və başqa dövlətlərdə keçirmək niyyətindədir.
Onun sözlərinə görə, dünyanın 27 ölkəsində aparılmış tədqiqatlara əsasən, kontrafakt dərman preparatlarının 60%-dən çoxu Hindistanın payına düşür.
"Hindistanla yanaşı, kontrafakt məhsulların istehsalı ilə məşğul olan müəssisələr Rusiya, Ukrayna, Türkiyə, Braziliya, Nigeriya, İtaliyada aşkar olunub. Problemimiz əsasən istehsalçı ölkələrlə bağlıdır və həmin dövlətlərlə problemi həll etməyə çalışırıq. Bu məhsulun böyük hissəsi İnternet vasitəsilə həyata keçirilir. Mən İnternet vasitəsilə hər hansı bir alış-verişin aparılmasının qəti əleyhinəyəm", deyə M. Dane bildirib.
Təşkilat rəhbəri məlumat verib ki, dünyada gəlirin 7-8%-i - 500 milyard avronu məhz kontrafakt dərman istehsalçıları əldə edir. "Bu olduqca təhlükəli göstəricidir və onun həlli üçün bütün dövlətlərin müvafiq orqanlarının birliyinə qərar vermək lazımdır", deyə DGT-nin rəhbəri qeyd edib.