...

Azərbaycanda sürət qatarının buraxılmasına dair ilkin qiymət açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 20:01 (UTC +04:00)
Azərbaycanda sürət qatarının buraxılmasına dair ilkin qiymət açıqlanıb

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Çərşənbə günü Koreya dəmir yolu idarəsinin nümayəndələri ölkə ərazisində Bakıdan Gürcüstan sərhədinə qədər 503 km məsafədə sürət qatarının buraxılması ilə bağlı Azərbaycan Nəqliyyat Nazirliyində təqdimat keçiriblər.

Nəqliyyat nazirinin müavini Musa Pənahovun bildirdiyinə görə, iqtisadi nöqteyi- nəzərdən araşdırmalar göstərir ki, bu layihəyə 2010-cu ildən başlamaq məqsədəuyğundur. "Layihənin həyata keçirilməsinin 2010-cu ilə təklif olunması onunla əlaqədardır ki, bu zaman vətəndaşların maddi vəziyyətinin yaxşılaşacağı gözlənilir. Bildiyiniz kimi, sürət qatarlarında qiymətlər artır. Amma bir o qədər də yox, mövcud qiymətlər nəzərə alınmaqla" - deyə nazir müavini bildirib.

Layihə 7 il ərzində hayata keçiriləcək (iki il layihələndirmə və beş il tikinti işlərinə). Gələcəkdə bu cür layihənin Rusiya sərhədinə qədər də həyata keçirilməsi mümkündür. Layihənin qarışıq mənbələr - dövlət, özəl bank və şirkətlər hesabına maliyyələşdirilməsi planlaşdırılır. Pənahov söyləyib ki, bu layihənin həyata keçirilməsi ekologiyanın qorunması və yanacağa qənaət baxımından əlverişlidir.

Koreyalı mütəxəssislərin hesablamalarına görə, hazırda Azərbaycanın dəmir yollarında hərəkətin sürəti yolların hamarlığının pozulması, lokomotiv və vaqon parkının, siqnalizasiya və rabitə sisteminin köhnəlməsi nəticəsində 80 km/saatı keçmir.

Mütəxəssislər tərəfindən layihənin həyata keçirilməsinin üç variantı təklif olunub: indiki vəziyyətin dəyişdirilməsi ilə sürətin 100 km/saata artırılması, sürətin 150 km/saata artırılması və sürətin 160 km/saata artırılması.

Birinci variant üçün 2,7 mlrd. dollar investisiya yatırılması nəzərdə tutulur. İkinci halda (hansı ki daha məqbul hesab olunur) investisiyaların həcminin 3,5 mlrd. dollar, ikincidən bir o qədər də fərqlənməyən üçüncü təklifdə isə 4,3 mlrd. dollar olması tələb olunur.

İkinci variantın ilkin qiymətinə əsasən:

- 177 mln. dollar yolların hamarlığının bərpasına,

- 441 mln. dollar 428 km. uzunluğunda yolun yenidən qurulmasına (hər kilometrə 1,031 mln dollar),

- 317 mln. dollar 503 km. uzunluğunda elektrik sisteminə (hər kilometrə 0,631 mln. dollar),

- 370 mln. dollar 503 km. uzunluğunda siqnal sisteminə (hər kilometrə 0,736 mln. dollar),

- 396 mln. dollar 530 km. uzunluğunda rabitə və informasiya sisteminə (hər kilometrə 0,789 mln. dollar),

- 810 mln. dollar 503 km uzunluğunda hava xətlərinə (hər kilometrə 1,610 mln. dollar).

Birbaşa xərclər 2,511 mlrd. dollar, əvvəlcədən nəzərə alına bilməyən xərclər 251 mln. dollar, məsləhət xidmətləri üçün 251 mln. dollar nəzərdə tutulub. Layihənin ümumi dəyəri (ƏDV-siz) 3,013 mlrd. dollar, 18 faiz ƏDV daxil olmaqla isə 3,555 mlrd. Dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti