...

Nazir: "Azərbaycanda xüsusi elektrik stansiyanın tikintisinə qoyulan investisiya 1 mlrd. dollara çata bilər"

Energetika Materials 24 Sentyabr 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Bazar ertəsi Bakıda İqtisadi İnkişaf Nazirliyi ilə Cənubi Koreyanın "Kepko & Moet" şirkəti arasında Ələt qəsəbəsində (Bakı yaxınlığında) 700 MVt/saat gücündə İstilik Elektrik Stansiyasının (İES) tikintisi üzrə ilkin razılaşma imzalanıb. Müqaviləni iqtisadi inkişaf naziri Heydər Babayev və Cənubi Koreya şirkətinin prezidenti Von-Qul Li imzalayıb.

Babayevin verdiyi məlumata görə, bu, Azərbaycanda tikiləcək böyük gücə malik ilk İES olacaq.

"İlkin qiymətləndirmə üzrə stansiyanın tikintisinə 1 mlrd. dollara qədər investisiya yatırılacaq" - deyə o bildirib.

Bu tip stansiyaların tikintisi Azərbaycanda elektrik enerjisinin satışında qiymətlərin aşağı salınması istiqamətində rəqabət mühtinin yaranmasına şərait yaradacaq.

"Bu gün elektrik enerjisini Tarif Şurası tərəfindən müəyyən olunan qiymətdən aşağı tariflə satmaq olmaz. Lakin bu, Tarif Şurasına qiymətlərə yenidən baxmaq imkanı yaradacaq" - deyə o söyləyib.

Güman olunur ki, 1 kVt/saat elektrik enerjisinin istehsalı üçün 230-250 qram şərti yanacaq sərf olunacaq.

Şirkət stansiyanın tikintisində ən qabaqcıl texnologiyalardan istifadə etmək niyyətindədir. Tikinti üçün Ələt qəsəbəsinin seçilməsi, burada yeni dəniz limanı və gəmiqayırma zavodunun tikintisinin nəzərdə tutulması ilə əlaqədardır.

"Kepko"nun prezidenti bildirib ki, razılaşmanın imzalanmasından sonra stansiyanın tikintisi ilə bağlı texniki iqtisadi əsaslandırma hazırlanacaq.

"Tikinti işləri təxminən 2008-ci ilin iyul ayına qədər başlayacaq" - deyə o əlavə edib.

Babayev bildirib ki, bu gün adıçəkilən layihədə həmçinin Azərbaycan İnvestisiya Şirkətinin iştirakı barədə də danışıqlar aparılıb.

Xəbər lenti

Xəbər lenti