...

"Statoil" ilə "Norsk Hydro" şirkətinin neft-qaz əməliyyatlarının birləşməsi 1 oktyabrda baş tutacaq

Energetika Materials 25 Sentyabr 2007 15:19 (UTC +04:00)
"Statoil" ilə "Norsk Hydro" şirkətinin neft-qaz əməliyyatlarının birləşməsi 1 oktyabrda baş tutacaq

Azərbaycan, Bakı/ Trend / "Statoil" şirkəti ilə "Norsk Hydro" şirkətinin neft-qaz əməliyyatlarının birləşməsi planı hər iki şirkətin ümumi toplantıları tərəfindən təsdiq edilib və birləşmə bu ilin oktyabr ayının 1-də qüvvəyə minəcək. Bu barədə məlumat "Statoil" şirkətinin Bakı ofisinin məlumatında göstərilib.

Birləşmə "Norsk Hydro ASA"nın neft- qaz biznesinin "Statoil ASA"ya ötürülməsi yolu ilə həyata keçirilir.

"Statoil ASA" bir hüquqi şəxs kimi öz fəaliyyətini 1 oktyabr tarixindən sonra bugünkü tərzdə eyni qeydiyyat nömrəsi ilə, lakin "StatoilHydro ASA" adı altında davam etdirəcək. 1 oktyabr tarixindən etibarən "Hydro"nun bütün neft- qaz əməliyyatları "StatoilHydro ASA"nın və onun törəmə şirkətlərinin bir hissəsi qismində davam edəcək.

Özü-özlüyündə bu birləşmənin "Statoil"un müştərilərinə, müqavilə partnyorlarına və onlarla bağlanmış müqavilələrə heç bir rəsmi təsiri olmayacaq. Yuxarıda qeyd edildiyi kimi, bu o deməkdir ki, 1 oktyabr tarixindən etibarən "Statoil" şirkətinin müqavilələrinin və müştərilərlə münasibətlərinin ötürülməsi baş verməyəcək, çünki "Statoil ASA" və onun törəmə şirkətləri dəyişməmiş hüquqi şəxslər kimi fəaliyyət göstərəcək və onların adları dəyişilməyəcək.

"1 oktyabr tarixinə qədər olan müddətdə, "Statoil ASA" əvvəlki kimi fəaliyyətini davam edəcək və şirkətin müştərilərlə və əməkdaşlıq partnyorları ilə əlaqələri bizim indiki təşkilatımız və müvafiq əlaqə şəxsləri tərəfindən tənzimlənəcək. Həmin şəxslər həmçinin inteqrasiya ilə əlaqədar indi aparılan planlaşdırma işləri haqqında məlumat verəcəklər" - deyə məlumatda göstərilib.

Xəbər lenti

Xəbər lenti