Azərbaycan, Bakı, 20 may/ Trend / Yanvar-apreldə Azərbaycanın daxili bazarına 1,73 mln. neft məhsulları göndərilib ki, bu da 2007-ci ilin yanvar-aprelindən 0,4 faiz çoxdur. Bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat veriblər.
Neft məhsullarının ümumi həcmindən 256,2 min ton avtomobil benzininin payına düşüb ki, bu da 2007-ci ilin analoji dövründən 16,7 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-aprelində Azərbaycanın Azpetrol şirkəti reallaşdırılmaq üçün 134 min ton, LUKoil isə 41 min ton avtomobil benzini alıb.
Yanvar-apreldə daxili bazarda 283,5 min ton dizel yanacağı satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 40,2 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azpetol bu həcmdən 99 min ton, LUKoil isə 35 min ton alıb. Xəzər Dəniz Gəmiçiliyi 5 min ton dizel yanacağı əldə edib.
Daxili bazarda ən çox mazut yanacağı reallaşdırılıb. Yanvar-apreldə 659,6 min ton mazut satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 29 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manatdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azenerji SC 431 min ton, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu sonradan emal edilmək üçün 202 min ton mazut alıb.
Bu dövrdə 165,9 min ton aviasiya kerosini satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 22,8 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosini (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatadır.
Yanvar-apreldə daxili bazarda 35,9 min ton neft bitumu satılıb. Bu, 2007-ci ildən 22,1 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.
Yanvar-apreldə daxili bazarda 27,7 min ton mayeləşdirilmiş neft qazı (LPG) satılıb ki, bu da 2007-ci ilin yanvar-aprelindən 35,5 faiz azdır. Bu məhsulun 94,6 faizi Azərbaycan Dövlət Neft Şirkətinin qaz əməliyyatları departamentinə göndərilib.
Daxili bazarda 300,7 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2007-ci ilin yanvar-aprelindən 14,5 faiz çoxdur.