...

Gürcüstandakı münaqişə "Nabukko" qaz kəməri layihəsinə təsir edib – avropalı və amerikalı ekspertlər

Energetika Materials 11 Sentyabr 2008 15:15 (UTC +04:00)

Krinitsa, Polşa, 11 sentyabr/ Trend , müxbir V.Şərifov/ Avropalı və amerikalı ekspertlər hesab edirlər ki, avqustda baş verən gürcü-osetin münaqişəsi Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinə ciddi təsir edib.

Macarıstan parlamentinin Beynəlxalq işlər üzrə komissiyasının sədri Jolt Nemet Polşanın Krinitsa şəhərində keçirilən 18-ci İqtisadi Forum zamanı bildirib ki, Gürcüstandakı vəziyyət qismən 2012-ci ildən Avropaya qaz ixracı üçün nəzərdə tutulan "Nabukko" boru kəmərinin enerji təhlükəsizliyinə toxunub.

NATO-nun Müdafiə və Təhlükəsizliyin İqtisadi Aspektləri üzrə Direktoratının amerikalı mütəxəssisi Adrian Kendri də eyni rəydədir.

"Gürcüstandakı böhran nəticəsində ("Nabukko" layihəsi hesabına Avropanın) enerji təhlükəsizliyi məsələsi yenidən təhlilə məruz qalmalıdır", - o bildirib.

Rumıniya Avropa İnstitutunun risk, təhlükəsizlik və kommunikasiyaların idarəsi məsələləri üzrə sədri Liviu Mureşan hesab edir ki, ""Nabukko" qaz kəməri layihəsi bir müddət əvvəl Gürcüstanda baş verən hadisələrin qurbanıdır".

"Gürcüstandakı vəziyyət bu ölkənin Avropaya neft və qaz tədarükçüsü kimi etibarlı mövqeyini sarsıdıb", - o qeyd edib.

Macarıstan parlamentinin Beynəlxlaq işlər üzrə komissiyasının rəhbəri Nemet hesab edir ki, "Nabukko" qaz kəməri layihəsi realizə edilə bilər və o, Avropa enerji bazarının "əsl diversifikasiyası" yolunda birinci addım olacaq.

Lakin onun sözlərinə görə, qaz kəmərinin tikintisi üçün sərmayələr lazımdır. Bununla əlaqədar Nemet layihənin həyata keçirilməsi üçün Avropa İttifaqına üzv ölkələri vəsait toplamağa çağırıb. "Sərmayələr olmadan "Nabukko"nun realizəsi çətin ola bilər. Aİ dövlətləri isə bu layihənin həyata keçirilməsinə prioritet verməlidirər", - Nemet bildirib.

Forum iştirakçıları hesab edirlər ki, Xəzər ölkələri və İraq "Nabukko" boru kəməri üçün potensial təbii qaz tədarükçüləri kimi çıxış edəcəklər. "Nabukko" qaz kəməri Türkiyədən başlayacaq. Azərbaycan və Mərkəzi Asiya qazı Türkiyə ilə sərhədi olan Gürcüstan ərazisindən keçməklə boru kəmərinə çatdırılacaq.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botas" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti