Azərbaycan, Bakı, 25 sentyabr/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) Avropada neft emalı müəssisəsinin aktvilərinin alınması imkanlarını nəzərdən keçirir, -SOCAR-ın prezidenti Rövnəq Abdullayev cümə axşamı bildirib. Lakin Abdullayev bu müəssisənin hansı ölkədə yerləşdiyini dəqiqləşdirməyib.
SOCAR-ın prezidentinin bildirdiyinə görə, şirkətin Azərbaycandan kənarda həyata keçirdiyi bütün sərmayələr beynəlxalq maliyyə institutlarının kreditləri hesabına realizə edilir. Buna SOCAR-ın şəxsi vəsaitləri cəlb olunmur.
SOCAR şirkətinin Turcas Petrol və İnjaz Projects şirkətləri ilə Alyansda Türkiyənin Petkim neft-kimya Holdinqində 51 faiz iştirak payı var. Abdullayevin bildirdiyinə görə, şirkət qısa müddətə Holdinqin müəssisələrinə xammal tədarükünü iki dəfə artırmaq niyyətindədir.
Bunun üçün gələn ildən illik gücü 10 mln. ton olan yeni neft emalı müəssisəsinin tikintisinə başlamaq planlaşdırılır. İlin sonunadək bu müəssisənin layihələndirilməsi başa çatdırılacaq.
SOCAR 2015 - ci ilə bu müəssisənin gəlirlərinin həcmini hazırki $1,9 mlrd.-dan $4 mlrd.-dək artırmaq niyyətindədir. Hazırda Holdinqin istehsal gücü 3,2 mln. tona bərabərdir. 2015- ci ilə bu göstərici 6,3 mln. tonadək artacaq. Bu gün Türkiyənin neft - kimya məhsullarına olan tələbatı $6,1 mlrd.-a bərabərdir və hər il tələbat 11-12 faiz artacaq. Bu gün Petkim - in istehsalı Türkiyə bazarının təxminən 25 faizini əhatə edir.
SOCAR/Turcas Petrol/Injaz Projects şirkətləri Alyansı $2,04 mlrd.-a Türkiyənin Petkim Kimya Konserni səhmlərinin 51 faizini alıb. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkimin inkişafına yatıracaqları sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.
Petkim Petrokimya Holding plastik qablaşdırma, parça, PVC, yuyucu vasitələr istehsal edir. O, Türkiyədə belə yeganə belə məhsul istehsalçısıdır və istehsal etdiyi məhsulların dörddə birini ixrac edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]