Azərbaycan, Bakı, 31 oktyabr/ Trend / İran noyabrdan, OPEK - ə üzv dövlətlər ilə əldə olunan razılaşmaya əsasən, neft hasilatını sutkada 199 min barel azaldacaq. FARS NEWS agentliyinin verdiyi xəbərə görə, bu barədə neft naziri Qulamhüseyn Nozari bildirib.
"Neft hasilatının azaldılması, neft bazarında stabillik yaranmayanadək davam etdiriləcək", - deyə cümə günü Tehranda jurnalistlərə müsahibəsində Nozari bildirib.
Nazir bildirib ki, əgər neftin dünya üzrə qiymətləri düşməkdə davam edərsə, OPEK-in fövqəladə iclası çağrılacaq və burada növbəti dəfə neft hasilatının azaldılması barədə qərar qəbul olunacaq.
OPEK, oktyabrın 24 - də Vyanada keçirilən iclasında neft hasilatının beş faiz azaldılaraq (Sutkada 1,5 mln. barr.), 27,3 mln. barelə çatdırılması barədə qərar qəbul edib. Kartel sədri və Əlcəzairin energetika naziri Şakib Xəlilin sözlərinə görə, qərar, neft bazarının pisləşməsi ilə bağlı qəbul olunub. OPEK sədri bildirib ki, bunun əsas səbəbi tələbat çatışmazlığı və alıcılara təsir edən maliyyə vəziyyətidir.
OPEK-in növbədənkənar iclası son aylar bir barelə görə 80 dollardan aşağı düşən neftin dünya qiymətlərinin stabilləşdirilməsi məqsədi ilə keçirilib. OPEK sədri əvvəllər bildirib ki, neftin ideal qiyməti bir barel üçün 70 - 90 dollardır.
OPEK-in iclası dekabrda Əlcəzairdə keçiriləcək.