Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir E.İsmayılov/
Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəmərinin ötürmə gücünün sutkada 1 milyon bareldən (layihə gücü) 1,2 milyon barelədək genişləndirilməsi üzrə işlər başa çatdırılıb, - neft sənayesində işlərə yaxın mənbə cümə günü bildirib. Neft kəmərinin genişləndirilməsi üzrə işlər 2008 - ci ildə başlayıb.
"BTC-nin həm Azərbaycan, həm də Türkiyə və Gürcüstan hissələrində ötürmə gücünün artırılması üzrə işlər başa çatdırılıb", - mənbə deyib.
Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəmərinin ötürmə gücünün sutkada 1 mln. bareldən 1,2 mln. barelədək genişləndirilməsinin dəyəri 69 mln. dollar qiymətləndirilir. Bu vəsaitlər hesabına boru kəmərində ingibitorların (kimyəvi reagentlər) tətbiqi üçün avadanlıq quraşdırılıb, eləcə də Səngəçal neft terminalında əsas nasosda iş aparılıb. BTC-nin ötürmə gücünün genişləndirilməsi çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyədə bütün nasoslarda iş aparılıb.
Hazırda bu boru kəmər ilə sutkada təxminən 700 min barel yüngül Azərbaycan nefti nəql olunur. Neft, BP-nin rəhbərlik etdiyi xarici şirkətlər konsorsiumu tərəfindən "Azəri - Çıraq - Günəşli" yataqları blokundan hasil olunur. BTC - nin səhmdarları olan Amerikanın ExxonMobil və Devon şirkətləri isə, öz neftlərini boru kəməri ilə nəql etmirlər. Bundan başqa, boru kəməri ilə "Tengiz" yatağından hasil edilən Tengizchevroil şirkətinə məxsus Qazaxıstan nefti də nəql olunur.
Gözlənilirdi ki, 2008 - ci il ərzində BTC boru kəməri ilə neftin nəqlinin sutkalıq həcmi 1 milyon barelə çatacaq. Lakin AÇQ yataqlarında platformaların dayandırılması nəticəsində, ötən il buna nail olmaq mümkün olmayıb. Hazırda BP "Mərkəzi Azəri" platformasında hasilatı artırmağa davam edir.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir; 443 km -Azərabaycan, 249 km - Gürcüstan, 1076 km - Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003 -cü ildə, onun neftlə doldurulması isə, 2005-ci il mayın 18 - də başlayıb.
BTC-nin tikintisi 4 mlrd. dollara başa gəlib. Bu, tikinti işlərinə, boru kəmərinin doldurulmasına çəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 mlrd. dollar təşkil edir.
BTC Co - nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]