Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir A.Bədəlova/ Amerikanın dünyanın iri banklarından biri olan JP Morgan bankının analitikləri hesab edirlər ki, neftin dünya qiymətlərinə əsas təsir amilləri, ehtimallara görə hələ də pisləşən iqtisadi şərait olaraq qalacaq.
Bank analitiklərinin proqnozlarına görə, 2009-cu ilin birinci rübündə dünya ÜDM-si 4,8 faiz, ikinci rübdə isə 0,1 faiz azalacaq. Ümumilikdə bu il dünya üzrə artım tempi 1,7 faiz düşəcək.
"Bizim neftin qiymətləri ilə bağlı qısa müddətli proqnozlarımız kifayət qədər müsbətdir, lakin uzun müddətli pespektivdə təzyiq müşahidə olunacaq ki, bu da qiymətlərdə bəzi dəyişikliklərə gətirib çıxaracaq", - deyə JP Morgan-ın OPEK-in neft bazarının balanslaşdırılması üzrə fəaliyyətinə həsr olunmuş məruzəsində bildirilir.
OPEK, martın 15-də Vyanada keçiriləcək növbəti iclasında kartel neft qiymətlərinin stabilləşdirilməsi məqsədi ilə yenidən hasilat kvotasını azalda bilər. OPEK prezidenti Joze Botelo de Vaskonselos əvvəllər bildirib ki, Brent markalı neftin qiyməti bir barel üçün 40 dollardan aşağı düşəcəyi təqdirdə iclas vaxtından əvvəl keçirilə bilər. OPEK sonuncu dəfə dekabr iclasında neft hasilatının sutkada 2,2 mln. barel azaldılması barədə qərar qəbul edib. Ümumiyyətlə sentyabrdan başlayaraq hasilatın sutkada 4,2 mln. barel azaldılması qərara alınıb.
"Gözləmələrə inansaq, fevralda OPEK-in neft hasilatı azalacaq, lakin biz hesab edirik ki, azalmanın əsas səbəbi aşağı tələbat olacaq. Tələbat artarsa, tədarük həcmləri də artacaq", - deyə analitiklərin məruzəsində bildirilir.
JP Morgan-ın proqnozlarına əsasən, 2009-cu ildə dünya üzrə neftə tələbat sutkada bir mln. barel azalaraq 84,6 mln. barelə çatacaq.
Analitiklərin proqnozlarına görə, 2009-cu ildə WTI markalı neftin orta qiyməti bir barel üçün 43,25 dollar təşkil edəcək. Bu il Brent markalı neftin qiyməti JP Morgan analitikləri tərəfindən bir barel üçün 43,75 dollar səviyyəsində proqnozlaşdırılır.
London birjasında dünənki alqı-satqının nəticələrinə görə, Brent markalı neftin mart müqavilələrinin dəyəri 2,31 dollar artaraq bir barel üçün 46,46 dollara çatıb. Nyu-york birjasında WTI-nin mart fyuçerslərinin dəyəri 0,85 dollar artaraq bir barelə görə 41,17 dollara çatıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]