Avropa İttifaqı (Aİ) qaz tədarükü marşrutlarının şaxələndirilməsinə ehtiyac duyur, "Şimal axını", "Cənub axını" və "Nabukko" boru kəmərləri ona eyni dərəcədə lazımdır. İTAR-TASS-ın məlumatına görə, bu barədə şənbə günü Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında Aİ-yə sədrlik edən Çexiya Baş nazirinin müavini Aleksandr Vondra bildirib. O, NATO və Rusiya münasibətlərində problemlər, həmçinin təhlükəsizlik məsələləri, o cümldən enerji sahəsi üzrə aparılan müzakirələrdə iştirak edib.
"Mənbələrin şaxələndirilməsi və maksimal sayda marşrutların olmasına zərurət var: "Şimal axını", "Cənub axını" və "Nabukko", - deyə Vondra qeyd edib. O bildirib ki, "Aİ ölkələri iki tədarükçü arasında seçim etmədən, şaxələndirməyə zəmanət vermək mümkün deyil".
Onun fikrincə, qaz kəmərlərinin tikintisində iştirak edib-etməmək barədə şübhələri aradan qaldırmaq üçün Avropa İttifaqı "istehsalçılara siqnal göndərməlidir".
Çexiya Baş nazirinin müavini Rusiya yanacağının Avropa İttifaqı ölkələrinə tədarükündə ərazisi ilə iştirak edən Ukrayna ilə qarşılıqlı əlaqələrin vacib olduğunu qeyd edib.