...

SOCAR məşəllərdə yandırılan qazın həcmini azaldıb – vitse-prezident

Energetika Materials 5 May 2009 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir E.İsmayılov /

Yanvar-apreldə SOCAR məşəllərdə yandırılan qazın həcmini sutkada 140 kubmetr azaldıb. Bu barədə çərşənbə axşamı şirkətin ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayev bildirib.

"Bu qaz həcmləri istifadə olunub və istehlakçılara verilib", - deyə çərşənbə axşamı Bakıda keçirilən qlobal istiləşmə şəraitində istixana effekti yaradan qazların idarə edilməsi üzrə konfrans zamanı Babayev bildirib. Görüş Azərbaycan Dövlət Neft Şirkəti və Global Gas Flaring Reductions (GGFR) təşkilatının birgə təşəbbüsü ilə keçirilir. SOCAR 2008-ci ildə bu təşkilatın tərəfdaşı olub.

"Məşəllərdə yandırılma üçün nəzərdə tutulmuş qaz SOCAR tərəfindən tətbiq edilən müxtəlif texnologiyalar vasitəsilə istifadə olunur və əlavə kompressorların tikilməsi yolu ilə istehlakçılara çatdırılır və istehsalatda istifadə olunur", - deyə SOCAR-ın vitse-prezidenti bildirib.

Konfransda SOCAR, Milli Elmlər Akademiyası, "Azərenerji" SC, "Azəriqaz" SC, "Azərbaycan hava yolları" QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və ictimai təşkilatların nümayəndələri də daxil olmaqla 120 nümayəndə heyəti iştirak edir.

2008-ci ildə SOCAR tərəfindən atmosferə buraxılan səmt qazının ümumi həcmi təqribən 331 mln. kubmetr təşkil edib ki, bunun da təqribən 120 mln. kubmetri "Günəşli" dəniz yatağının dayaz hissəsinin payına düşür. "Neft Daşları" dəniz yatağında bu göstərici 206 mln. kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti