...

Azərbaycan "Nabukko" üçün vacib qaz tədarükçüsüdür: Macarıstanın MOL şirkəti rəhbərinin müsahibəsi

Energetika Materials 9 May 2009 11:16 (UTC +04:00)
Azərbaycan "Nabukko" üçün vacib qaz tədarükçüsüdür: Macarıstanın MOL şirkəti rəhbərinin müsahibəsi

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir А.Bədəlova / 

Trend -ın "Nabukko" qaz layihəsinin səhmdarlarından biri olan Macarıstanın MOL neft-qaz şirkəti direktorlar şurasının sədri və baş icraçı direktoru Jolt Hernadi ilə müsahibəsi

- Sizin şirkət "Nabukko" qaz kəməri layihəsinin səhmdarlarından biridir. Mayın 8-də "Cənub dəhlizi" və "Nabukko"ya həsr olunmuş Praqa sammitindən nələr gözləyirsiniz?

- Biz bu sammiti alqışlayır, bu görüşün keçirilməsini layihəyə dəstək yolunda növbəti addım kimi dəyərləndiririk. Bu il Budapeşt sammiti ilə başladı - o, "Nabukko" layihəsinə siyasi dəstəyin verilməsini artırmaq istiqamətində çox yaxşı impuls oldu. Bu, "Nabukko" səhmdarları ölkələrinin, həmçinin qaz istehsalçı ölkələrinin hökumətlərinin yüksək vəzifəli nümayəndələrini bir yerə toplamış çox uğurlu hadisə idi. Həmçinin, "Nabukko"ya da həsr edilmiş Sofiyadakı tədbir layihəyə dəstək demək idi və mən əminəm ki, Praqadakı sammit onun irəliləməsinə hissediləcək təkan verəcək.

- Dünya maliyyə böhranı "Nabukko" layihəsinin tikintisinin proqnoz dəyərinə təsir edə və nəticədə polad, müvafiq materiallar və əməyin qiymətinin düşməsinə rəvac verə bilərmi?

- Bu mümkündür. Əlbəttə, Avropa Sərmayə Bankı (ASB), Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin ixrac krediti orqanları ilə danışıqlar aparmışıq. Bir neçə ay əvvəl Budapeştdəki görüş zamanı ASB-nin icraçı direktoru Filip Maystat bildirib ki, bank layihənin dörddə birini maliyyələşdirməyə hazırdır. Bu iki milyard dollardan çox bir məbləğ edir. Kredit agentlikləri də qaz kəmərinin tikintisinə maliyyə ayırmağa hazır olduqlarını bildiriblər. Biz "Nabukko"nun uğurla realizə olunacağına inanırıq. Bazarda tikintinin qiymətinin aşağı düşməsinə kömək edəcək şərait yaranarsa, biz şühbəsiz ki, bunu dəstəkləyəcəyik.

- Macarıstan öz qarşısında hansı prioritetləri qoyub - bütün gücünü "Nabukko"ya yönəltmək, yoxsa yavaş, ancaq doğru hərəkət etmək?

- Macarıstanın əsas prioritetlərindən biri regiona enerji tədarükünün təhlükəsizliyini təmin etməkdir və MOL "Nabukko" layihəsini tamamilə dəstəkləyir ki, bu da dəfələrlə sübut olunub. Biz "Nabukko"nun vacibliyinə inanırıq və onun realizəsinə yardımçı olmaq üçün əlimizdən gələni edəcəyik. 

- Sizcə, Aİ-də, o cümlədən Macarıstanda qaz tələbatının proqnozu necədir? Dünya böhranı fonunda qaza olan tələbatın azalması ehtimalını istisna edirsinizmi?

- Qaza tələbata mövsümi faktor (Macarıstanda qışda və yayda qaza olan tələbat arasında fərq 1-2 milyard kubmetr təşkil edir), həmçinin ümumi iqtisadi şərait təsir edir. Ancaq qaz tələbatının əsas hissəsi sənaye sahələrinə təsadüf etdiyindən, şübhəsiz ki, dərin və davamlı resessiya bir çox ölkələrdə qaz tələbatına aşkar və uzunmüddətli təsir göstərir. 

- Enerji daşıyıcıları mənbələrinin Avropaya çıxışının diversifikasiyası işində Azərbaycana hansı rolu ayırırsınız?

- Azərbaycan "Nabukko" üçün vacib tədarükçü ölkədir. Bu yalnız onun malik olduğu böyük qaz ehtiyatlarına görə deyil, həm də Türkiyə ilə boru kəməri əlaqəsi olmasına görə belədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti