Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidetni Rövnəq Abdullayevin Gürcüstana səfəri çərçivəsində ölkənin üç regionuna qaz verilməsinə başlanması mərasimi baş tutacaq. Bu barədə şənbə günü SOCAR Georgia Gas rəhbəri Anar Məmmədov deyib. SOCAR Georgia Gas-ın istifadəsində Gürcüstanın 31 qaz təsərrüfatı var.
"Artıq Dmanisi rayon mərkəzinə qaz verilməsi mərasimi keçirilib, Saqareco rayonunun Yormuğanlı kəndinə və Laqidehi rayonun Niniqori kəndinə qaz verilişi başlayacaq",- Məmmədov deyib. Dmanisi azərbaycanlıların kompakt yaşadığı rayonlardan biridir.
Məmmədovun dediyi kimi, Dmanisi rayon mərkəzində paylayıcı şəbəkəyə qoşula bilən potensial abonentlərin sayı 400, Yormuğanlı kəndində 1400, Niniqoridə 300-dür.
ARDNŞ və Gürcüstan hökuməti ötən ilin 26 dekabrında Gürcüstanın Kaxeti, Mtsxeta-Mtianeti, Şida və Kvemo Kartli, Acariya, Quriya, İmereti, Sameqrelo kimi regionlarını əhatə edən 30 qaz təsərrüfatının və qazpaylayıcı şəbəkələrin istifadəyə verilməsi barədə müqavilə imzalayıblar. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar edilib.
Apreldə SOCAR Energy Georgia şirkəti həmçinin Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun qazpaylayıcı şəbəkəsini istifadəyə alıb. Marneulinin paylayıcı şəbəkəsi 31 qaz təsərrüfatıdır.
Üçillik investisiya proqramı çərçivəsində bu şəbəkələrin istifadəçilərinin sayının təxminən 60-mindən 150 min nəfərədək artırılması planlaşdırılır. Birinci il çərçivəsində 57 min yeni potensial istifadəçi üçün ümumi uzunluğu 800 kilometrədək olan qaz şəbəkələri quraşdırılacaq. İkinci investisiya ili çərçivəsində qazpaylayıcı şəbəkələrin inkişafına 28,6 milyon dollardan çox vəsait qoyulacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]