...

Türkiyə İran qazını "Nabukko"-ya göndərə bilər

Energetika Materials 29 Oktyabr 2009 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir S.Əliyev/

Türkiyə və İran enerji sahəsində hökumətlərarası memorandum imzalayıb. Bu memorandum türk investisiyasının İranın qaz layihələrinə qoyuluşu ilə yanaşı, İran qazının Türkiyəyə, oradan da Avropaya nəqllini, həmçinin türkmən qazının İran ərazisindən Türkiyəyə nəqlini nəzərdə tutur. Sənəd Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və İranın neft naziri Seyid Məsud Mirkazımi tərəfindən imzalanıb.

Sənədə əsasən, Türkiyənin milli enerji şirkəti TPAO İranda Cənubi Pars qaz layihəsinin bir neçə fazasının işlənməsinə investisiya yatırmaq niyyətindədir.

Türkiyəli mütəxəssislərin hesablamalarına görə, yataqda mövcud olan 14 trilyon kubmetr qaz ehtiyatından Ankara ildə 35 milyard kubmetr qaz ala bilər.

Türkiyə bu qazın bir hissəsini istifadə etmək, qalan hissəsini isə Avropaya satmaq niyyətindədir. Bu qazın nəqli əsasən layihələşdirilməsi hazırda reallaşan "Nabukko" qaz kəməri vasitəsilə həyata keçirilə bilər. Amma bu layihənin reallaşmasında bir tərəfdən İrandakı siyasi qarşıdurma səbəbindən, digər tərəfdən isə "Nabukko" layihəsini fəal şəkildə maliyyələşdirən Avropa və ABŞ tərəfindən çətinliklər yarana bilər.

Amma İran qazının Türkiyə tərəfindən yenidən ixrac olunması məsələsi açıq olaraq qalır. Belə ki, belə olan halda Türkiyə bu qazı almaqla onun sahibinə çevrilir.

Türkmən qazının İran ərazisindən Türkiyəyə nəqli də Ankara üçün vacibdir. Türkiyənin Türkmənistanla 30 milyard kubmetr qaz alınmasına dair müqaviləsi var.

Son illərdə Türkiyə Avropanın qaz təchizatında iştirak etmək arzusunu daha aktiv şəkildə bəyan edir. Baxmayaraq ki, ölkənin bu növ təbii sərvəti yoxdur. Türkiyə digər qaz istehsalçılarının qazının yenidən ixracına nail olmaq istəyir. Belə ki, Avropaya nəql olunan əsas alternativ qaz marşrutları məhz Türkiyədən başlayır. Bu marşrutlar sırasına "Nabukko", Transadriatik qaz kəməri və ITGI qaz kəməri daxildir.

Amma istehsalçı ölkələr Türkiyənin bu layihələrdə istehlakçı və tranzit ölkə kimi çıxış etməsini təkid edirlər. Xüsusilə də hazırda Azərbaycan qazının tranzit yolu ilə Avropaya nəqli üçün Azərbaycan ilə Türkiyə arasında razılıq imzalanması barədə danışıqlar aparılır. Danışıqların uzun müddət aparılmasına baxmayaraq, hələ heç bir nəticə əldə olunmayıb.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti