...

OMV "Nabukko" layihəsini "Cənub Axını"dan üstün tutur

Energetika Materials 25 Noyabr 2009 16:43 (UTC +04:00)
Avstriyanın OMV neft-qaz şirkəti "Nabukko" qaz kəməri layihəsini öz prioriteti hesab edir. Bu barədə şirkətin rəhbəri Volfhanq Ruttenstorferə istinadən Reuters yazır.
OMV "Nabukko" layihəsini "Cənub Axını"dan üstün tutur

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir A.Bədəlova/

Avstriyanın OMV neft-qaz şirkəti "Nabukko" qaz kəməri layihəsini öz prioriteti hesab edir. Bu barədə şirkətin rəhbəri Volfhanq Ruttenstorferə istinadən Reuters yazır.

Ruttenstorferin sözlərinə görə, Avstriyanın OMV şirkəti əslində "Cənub Axını" qaz kəməri layihəsi ilə çox maraqlanıb.

"Lakin biz həmişə deyirik ki, "Nabukko" bizim prioritetimizdir, belə ki, Cənubi və Mərkəzi Avropa bu yeni marşrut vasitəsilə yeni qaz alır", - Ruttenstorfer deyib.

OMV şirkəti Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz ixracını nəzərdə tutan "Nabukko" kəməri layihəsində altı səhmdardan biri və operatordur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin digər iştirakçıları Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Noyabrın əvvəllərində Avstriyanın "Cənub Axını" layihəsində iştirakı haqqında danışıqların keçirilməsi zamanı Avstriya kansleri Verner Fayman Moskvaya rəsmi səfər edib.

"Cənub Axını" layihəsi Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihənin əsas iştirakçıları Rusiyanın "Qazprom" və İtaliyanın ENİ şirkətidir. Avstriyadan başqa qaz kəmərinin keçəcəyi bütün ölkələrlə müqavilə imzalanıb.

Qaz kəmərinin istismara verilməsi 2015-ci ilə planlaşdırılır. Qaz kəməri layihəsinin planlaşdırılmış maksimum gücü ildə 63 milyard kubmetr təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti