...

"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan Azərbaycanın 80 milyon ton mənfəətli nefti əldə edilib

Energetika Materials 11 May 2010 16:13 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşlı" (AÇG) yataqlar blokunun işlənməsinə başlanandan indiyə qədər 190 milyon ton neft əldə olunub.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan Azərbaycanın 80 milyon ton mənfəətli nefti əldə edilib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşlı" (AÇG) yataqlar blokunun işlənməsinə başlanandan indiyə qədər 190 milyon ton neft əldə olunub. Bu sözləri çərşənbə günü Bakıda VII Azərbaycan Geofizika Konfransında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi məsələləri üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Yusifzadə deyib ki, AÇG-dən əldə olunan neftin ümumi həcmindən 80 milyon ton Azərbaycanın mənfəətli neftinin payına düşür.

Onun sözlərinə görə, mənfəətli neftdən gələn vəsaitlər Azərbaycan Dövlət Neft Fondunda saxlanılır. Bundan sonra isə bu gəlirlər ölkənin inkişaf etdirilməsinə və müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilir.

Azərbaycanın xarici şirkətlərlə "Əsrin müqaviləsi"ni imzalamasından əvvəl Azərbaycanda neft hasilatı ildə 9 milyon tona qədər, qazın çıxarılması isə ildə 3,5 milyard kubmetrə qədər aşağı düşmüşdü. 2009-cu ilin yekunlarına görə, bu göstərici neft üzrə 50 milyon ton, qaz üzrə isə 23,5 milyard kubmetr təşkil edib.

Yusifzadənin sözlərinə görə, Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının kəşfindən sonra ölkəmiz qaz ixracatçısına çevrilib. Hazırda Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında sutkada 20 milyon kubmetr mavi yanacaq əldə olunur. Bu yataqdan çıxarılan qaz Türkiyə və Gürcüstana, qismən də Avropaya ixrac olunur.

"Şahdəniz" yatağından başqa, Azərbaycan "Abşeron", "Naxçıvan", "Zəfər-Məşəl" kimi perspektivli strukturlara malikdir. Bunlarda da işlər aparılacaq. Bu isə öz növbəsində qazın əldə olunmasının artırılması və bunun da nəticəsində ölkənin ixrac imkanlarının artması deməkdir.

İndiyə qədər Xəzərdə 380-ə qədər perspektivli struktur kəşf olunub ki, bu da əsasən Azərbaycan geofiziklərinin xidməti nəticəsində əldə olunub. İndiki mərhələdə 4D və 4E geofizikanın tətbiqinin genişləndirilməsi zəruridir.

Yusifzadənin sözlərinə görə, 4E geofizika su-neft kontaktının hərəkətini müşahidə etməyə, 4D isə yataqların işlənməsini nəzarətdə saxlamağa imkan verir. Hazırda bu metodlar Azərbaycanda xarici geofiziklərin cəlb olunması ilə, xüsusilə də AÇG-də aparılır.

Xəbər lenti

Xəbər lenti