Аzərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/
ABŞ enerji təhlükəsizliyi üzrə Avropa İttifaqının strategiyasını dəstəkləmək niyyətindədir. "Avropa İttifaqı qlobal məsələlərdə bizim tərəfdaşımız hesab olunur və buna görə də biz onun enerji təhlükəsizliyi gücünün artırılmasında maraqlıyıq", - çərşənbə günü ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstar Bakıda keçirilən XVII beynəlxalq Xəzər neft və qaz konfransında bildirib.
"Biz enerji resurslarının Qafqaz ölkələri və Mərkəzi Asiyadan Aİ ölkələrinə ixracı diversifikasiyasını dəstəkləyirik, eyni zamanda, neft və qazın yeni bazarlara çıxarılması üzrə yardım göstərməyə hazırıq", - Morninqstar bəyan edib.
Onun sözlərinə görə, ABŞ Xəzər regionunda bir neçə qaz kəmərinin tikintisini planlaşdıran Cənub dəhlizinin açılışını ciddi surətdə dəstəkləyir.
"Bu layihələr (qaz kəmərlərinin tikintisi) qazın Avropaya nəqli üzrə yeni marşrutların açılışına kömək edə bilər. Bu, region ölkələri üçün isə iqtisadi cəhətdən əlverişlidir və eyni zamanda, Aİ ilə qarşılıqlı maraqlar üzrə uzunmüddətli əməkdaşlıq yaratmağa imkan yarada bilər", - Morninqstar deyib.