...

ARDNŞ Azərbaycanda növbəti yanacaqdoldurma stansiyalarının açılmasına hazırlaşır

Energetika Materials 20 İyul 2010 13:23 (UTC +04:00)

Аzərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycanın Dövlət Neft Şirkəti) yaxın 2 ay ərzində Azərbaycanda daha 2-3 yanacaqdoldurma stansiyasını istismara vermək niyyətindədir, - çərşənbə axşamı ARDNŞ-dən verilən məlumatda deyilir.

"Hal-hazırda yeni stansiyaların tikilməsi üzrə işlər davam etdirilir. İşlərin əksəriyyəti 2-3 yanacaqdoldurma stansiyasında artıq başa çatıb və yarım aydan sonra istismara verilməsi planlaşdırılır", - mənbədən bildiriblər. Yaxın aylarda istismara verilməsi planlaşdırılan yeni yanacaqdoldurma stansiyalarının yerləşdiyi məkanların adları çəkilməyib.

"Hal-hazırda ölkənin bir çox regionlarında yanacaqdoldurma stansiyalarının inşası üzrə, xüsusilə də, Bakı-Quba avtomobil yolu istiqamətində işlər aparılır", - mənbədən verilən məlumatda deyilir.

Onun sözlərinə görə, ARDNŞ-in "Petroleum" müəssisəsinin yanacaqdoldurma stansiyası avtomobil nəqliyyatı sürücüləri arasında geniş şəkildə istifadə olunur. "Stansiyalarda təqdim olunan məhsullara yüksək tələbat var",- mənbədən bildiriblər.

ARDNŞ-in ilk üç yanacaqdoldurma stansiyası bu il mayın 7-də açılıb. Hər üç stansiya Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən şosedə, Zığ və Bibiheybət şoselərində yerləşir.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin dediyi kimi, bu il ARDNŞ-in "Petroleum" müəssisəsi Azərbaycanda daha 7 yanacaqdoldurma stansiyası açmağı planlaşdırır. Azərbaycanda yanacaqdoldurma stansiyalarına yatırılan sərmayə 20 milyon manat təşkil edir.

Gələn il ölkədə daha 10 yanacaqdoldurma stansiyasının açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti