Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir E.İsmayılov/
ARDNŞ avqustun sonunadək Bakının Sabunçu rayonunda öz brendi altında yeni yanacaqdoldurma məntəqəsini istismara verməyi planlaşdırıb. Bu barədə cümə günü ARDNŞ-dəkı mənbə deyib.
Mənbənin sözlərinə görə, şəhərin çıxışında hava limanı isiqamətində yerləşən YDM-nin açılması Bakı qəsəbələri və bağ massivləri üçün çox lazımlıdır, çünki göstərilən yerdə, demək olar, YDM yoxdur.
"Məntəqənin yaxın günlərdə öz işinə başlayacağı gözlənilir", - mənbə qeyd edib.
Onun sözlərinə görə, hazırda yeni YDM-lərin tikintisi üzrə iş paytaxtın digər rayonlarında və ölkə regionlarında da aparılır.
Mənbənin dediyinə görə, "SOCAR Petroleum" birgə müəssisəsinin YDM-lərinə nəqliyyat vasitələri sürücülərinin böyük tələbatı var.
"SOCAR" brendi ilə ilk üç YDM mayın 7-də açılıb. Hər üç məntəqə Bakıda - Heydər Əliyev Beynəlxalq Hava Limanına aparan yolda, Zığ şosesində və Bibiheybətdə yerləşir.
Əvvəllər ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin dediyinə görə, bu il "SOCAR Petroleum" BM Azərbaycanda daha 10 YDM açmaq niyyətindədir. YDM-lərin tikintisinə qoyulacaq investisiyaların həcmi 20 milyon manat təşkil edir.
Gələn il Azərbaycanda daha 10 YDM-nin açılması planlaşdırılır.
"SOCAR Petroleum"un səhmdarları: ARDNŞ (51 faiz) və Amerikanın "A.P. International" (49 faiz). "SOCAR Petroleum" qeydiyyatdan 21 yanvar 2008-ci il tarixdə keçib.