Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.İsmayılov/
Qaz ixracı üzrə İran Milli Şirkətinin (NIGEC) mütəxəssisləri Azərbaycan qazının İrana satışı üzrə uzunmüddətli müqavilənin imzalanması məqsədilə Bakıdadırlar. Bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bazar ertəsi bildirib.
"İranlı mütəxəssislər Azərbaycandadırlar və tərəflər bu layihə çərçivəsində iş aparırlar", - Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanla İranı birləşdirən qaz nəqli infrastrukturunun əsas elementlərindən biri olan Astaradakı yeni qaz kompressoru stansiyasının tikintisi də başa çatmaq üzrədir.
Abdullayev bildirib ki, dekabrın 30-da işlərin gedişinə nəzarət etmək üçün Astaraya gedəcək. O, həmin vaxt yeni obyektin istismara verilməsinin mümkünlüyünü istisna etməyib. Bu gün Azərbaycan İrana Naxçıvan Muxtar Respublikasının tələbatını ödəmək üçün svop əməliyyatları çərçivəsində 1,1 - 1,2 milyon kubmetr qaz nəql edir.
ARDNŞ İrana Azərbaycan qazının nəqlinin həcminin artırılması üçün Astaradakı qaz kompressoru stansiyasının modernləşdirilməsi üzrə iş aparır. Həmçinin, Azərbaycandan İrana qaz nəql edən kəmərin yenidən qurulması da nəzərdə tutulub. Bu işlər başa çatdırıldıqdan sonra uzunmüddətli qaz nəqli sazişinin imzalanacağı və hazırkı 1,2 milyon kubmetrlik qaz həcminin sutkada 3-3,5 milyon kubmetrədək artırılacağı gözlənilir.
Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən "Qazı Məhəmməd-Bind-Biand" qaz kəməri əlaqələndirir. Bu boru kəmərinin layihə üzrə ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Bu istiqamətdə üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqi gücündə nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 millimetrdir.
Bundan əvvəl Azərbaycan və İran qaz və elektrik enerjisinin nəqli sahəsində əməkdaşlığın genişləndirilməsinə dair iki memorandum imzalayıblar. Memorandumlar İran Prezidenti Mahmud Əhmədinejadın Bakıya rəsmi səfəri zamanı imzalanıb.