Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/
ARDNŞ "Azeri light" növlü neftin hasil edildiyi "Azəri-Çıraq-Günəşli" dəniz yataqlar blokunun işlənməsi üzrə iri layihədə öz iştirak payını artırmaq niyyətindədir. ARDNŞ prezidenti Rövnəq Abdullayev çərşənbə günü bildirib ki, Dövlət Neft Şirkəti 2010-cu ildə ABŞ-ın "Devon Energy" şirkətinin satdığı "Azəri-Çıraq-Günəşli"dəki payın bir qismini layihə üzrə tərəfdaşların birindən almağı planlaşdırır.
"İndi bu istiqamətdə işlər aparılır", - Abdullayev qeyd edib.
2010-cu ildə "Devon" özünün "Azəri-Çıraq-Günəşli"dəki 5,63 faizlik payını layihə üzrə tərəfdaşlarına - BP (3,29 faiz), "Chevron" (0,99 faiz), "Inpex" (0,96 faiz) və "Itocu" (0,38 faiz) şirkətlərinə satıb.
ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsi bu gün dəqiqləşdirib ki, ARDNŞ BP-nin əvvəllər "Devon"dan aldığı payın yarısını almaq niyyətindədir. Beləliklə, ARDNŞ "Azəri-Çıraq-Günəşli"də əlavə olaraq 1,6 faizdən bir qədər çox pay əldə edə bilər.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 37,43%), "Chevron" (11,27%), AzAÇG (10%), "Inpex" (10,96%), "Statoil" (8,56%), "Exxon" (8%), TPAO (6,75%), "Itochu" (4,3%), "Hess" (2,72%).
2010-cu ildə "Azəri-Çıraq-Günəşli" yatağında 40,6 milyon ton neft hasil edilib. Bu göstərici 2009-cu ildə 40,3 milyon ton olub. 2010-cu ildə bu yataqlar blokunda sutkalıq orta hasilat 823,1 min barel təşkil edib.