...

"Nabukko" Xəzər qazının nəqlinə istiqamətlənib, Rusiya qazı isə yalnız əlavədir - layihənin rəsmi nümayəndəsi

Energetika Materials 14 Mart 2011 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Bədəlova/

"Nabukko" layihəsinin məqsədi Xəzər qazının Avropa ölkələrinə nəqlidir, Rusiya yanacağı isə layihə üçün əsas mənbələrə yalnız əlavə ola bilər. Bu barədə Trend-ə layihənin rəsmi nümayəndəsi Kristian Dolezal deyib.

"Nabukko" layihəsinin əsas məqsədi Xəzər regionundan qazın Türkiyə və Avropaya nəqlidir", - Dolezal elektron poçt vasitəsilə bildirib.

Ötən həftə "Nabucco Gas Pipeline International" konsorsiumunun idarəedici direktoru Reynhard Mitçek "Nabukko" layihəsinin reallaşdırılmasının sonrakı mərhələlərində Rusiya qazının nəqlinin mümkünlüyü barədə bəyan etmişdi.

"Nabukko" üçüncü tərəf üçün açılacaq və ona görə də Rusiya qazını ticarətçilərin "open season" prosesi zamanı onu almaq istədiklərini bildirdikləri halda nəql etmək olar, - Dolezal bildirib. - Lakin o, digər mənbələrə yalnız əlavə olacaq".

Avropa İttifaqı üçün prioritet layihə olan "Nabukko" boru kəməri Avropa ölkələrinə qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Boru kəmərinin inşasına 2012-ci ildə başlanması nəzərdə tutulub, onunla ilk nəql isə 2015-ci ilə planlaşdırılıb.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2012-ci il) Türkiyə sərhədindən başlayaraq, Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir.

Layihənin reallaşdırılmasının birinci fazasında əsas qaz tədarükçüləri kimi Azərbaycan və İraq nəzərdə tutulur, onların hər birindən müvafiq olaraq 8-10 və 8 milyard kubmetr qaz gözlənilir. Sonradan Türkmənistan qazının da layihəyə qoşulması planlaşdırılır.

Layihənin iştirakçıları OMV Gas GmbH (Аvstriya), BOTAŞ (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan) və RWE-dir (Almaniya).

Xəbər lenti

Xəbər lenti