...

Azərbaycan yanvar-fevralda "Şahdəniz" yatağından 160 milyon kubmetrdən çox qaz əldə edib

Energetika Materials 17 Mart 2011 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Yanvar-fevral aylarında Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından 161,4 milyon kubmetr qaz əldə edib. Ötən ilin analoji dövründə bu göstərici 463 milyon kubmetr olub. Bu barədə cümə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir.

Yanvar-fevralda əldə olunan qaz həcmindən 66,3 milyon kubmetr ARDNŞ-nin "Şahdəniz" layihəsindəki iştirak payıdır, yerdə qalan 95,1 milyon kubmetr qaz isə ARDNŞ tərəfindən alınıb.

2010-cu ildə Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından 2,2 milyard kubmetrə yaxın qaz əldə edib. 2009-cu ildə bu göstərici 1,3 milyard kubmetr olub. 2010-cu ildə əldə edilən qazın 557,4 milyon kubmetri ARDNŞ-nin "Şahdəniz" layihəsində iştirak payına aiddir, qalan hissə - 1,6 milyard kubmetrdən çox qaz isə ARDNŞ tərəfindən alınıb.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, "Statoil Hydro" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz qaz kəməri ilə nəql edilir.

"Şahdəniz" yatağında hasilatın ən yüksək həddinin 8,6-9 milyard kubmetr təşkil edəcəyi güman edilir. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində burada qaz həcminin ildə 25 milyard kubmetrədək artırılması mümkündür.

Xəbər lenti

Xəbər lenti