...

AİB-in məsləhətçiləri Azərbaycanda elektrik enerjisinin paylanması üçün investisiya inkişaf proqramını hazırlayıblar

Energetika Materials 12 May 2011 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.Xəlilova/

Asiya İnkişaf Bankının (AİB) məsləhətçiləri Azərbaycan hökumətinə ölkənin elektrik enerjisinin paylanması üzrə master-planı və investisiya inkişaf proqramını təqdim ediblər. Bu barədə cümə axşamı Trend-in bankın Bakı nümayəndəliyindən deyiblər.

Master-plan İspaniyanın MERCADOS şirkəti, investisiya proqramı Hindistanın "Vision RI" şirkəti tərəfindən hazırlanıb.

"Təqdimat dünən AİB-in eletrik enerjisi layihələrinin rəhbəri Tyanhua Lyunun başçılıq etdiyi missiya çərçivəsində aparılıb", - bankın nümayəndəliyindən bildirilib.

Məsləhətçilər indiki vəziyyəti araşdıraraq ölkənin elektrik enerjisi sisteminin inkişaf perspektivlərini üç istiqamətdə - generasiya, transmissiya və paylamanı müəyyənləşdiriblər.

"Hökumətin iradları nəzərə alınmaqla, məsləhətçilərə master-planın və prqoramın tamamlanması tapşırılıb, - bankın nümayəndəliyindən deyilib. - Bundan sonra AİB-in ölkədə elektrik enerjisinin paylanması sisteminin maliyyələşdirməsi imkanlarının müzakirəsi başlayacaq".

Lakin 2011-ci il mayın 15-nə AİB-in Direktorlar Şurasında Azərbaycanda elektrik enerjisinin paylanmasının inkişaf layihəsi (Power Distribution Development) baxılması üçün artıq müəyyən edilib.

Azərbaycanın elektrik enerjisi üçün "Azərenerji" ASC-nin "Power Distribution Development Investment Program" investisiya proqramının maliyyələşdirilməsi bankın çoxtranşlı maliyyələşdirmə proqramı (MFF) çərçivəsində həyata keçiriləcək. MFF-in dəyəri 500 milyon dollar qiymətləndirilir. İlk kredit 150 milyon dollar səviyyəsində gözlənilir. O, AİB-in adi kredit resurslarından ayrılacaq.

Layihə "Azərenerji"nin idarəçiliyi altında olan 40 inzibati rayonu əhatə edən enerjinin paylanması sisteminin artırılmasına və təkmilləşdirilməsinə yönələcək. Layihə elektrik təchizatının etibarlılığının artırılmasına, paylayıcı sistemdə itkilərin azaldılmasına və enerji effektivliyinin artırılmasına hədəflənib.

2005-2015-ci illərdə Azərbaycanın yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramının maddələrinin yerinə yetirilməsi ilə əlaqədar işlər çərçivəsində yeni istilik və su elektrik stansiyalarının (1500 MVt) tikintisinə, mövcud generasiya obyektlərinin modernləşdirilməsinə və nəqliyyat şəbəkəsinin gücünün artırılmasına 3,8 milyard dollar tələb olunur.

Azərbaycan hökuməti AİB ilə 1999-cu ildən əməkdaşlıq edir. Hazırda bank Azərbaycanın enerji sektorunda elektrikötürücü xətlərin bərpası (Power Transmission Enhancement Project) üzrə bir layihəni həyata keçirir. Burada artıq baş podratçının seçimi üzrə tender elan edilib. Layihə bir neçə il ərzində 60 ildən çox istifadə olunan elektrikötürücü xətləri yenidən qurmağa imkan verəcək. Asiya bankı 20 il müddətinə 160 milyon dollar məbləğində beş il güzəştli dövr olmaqla, illik LIBOR-0,08 faiz dərəcəsi ilə kredit verir.

Layihə çərçivəsində Mingəçevir su elektrik stansiyasından Abşeron yarımstansiyasına kimi ikikonturlu 220 kV-lıq elektrikötürücü xətlərin çəkilməsi planlaşdırılır. Bununla yanaşı, 220/110 kV-luq yarımstansiyanın 110 kV-luq elektrikötürücü xətlə birləşdirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti