...

Payızda "Petkim" yaxınlığında yeni NEZ-in təməli qoyulacaq

Energetika Materials 7 İyun 2011 18:31 (UTC +04:00)
Sentyabr-oktyabrda "SOCAR-Turcas"ın həmsahibi olduğu Türkiyənin neft-kimya kompleksi "Petkim"in yaxınlığında yeni neft emalı zavodunun (NEZ) təməli qoyulacaq.
Payızda "Petkim" yaxınlığında yeni NEZ-in təməli qoyulacaq

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.İsmayılov/

Sentyabr-oktyabrda "SOCAR-Turcas"ın həmsahibi olduğu Türkiyənin neft-kimya kompleksi "Petkim"in yaxınlığında yeni neft emalı zavodunun (NEZ) təməli qoyulacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda mətbuat konfransında "SOCAR-Turcas" şirkətlər qrupunun idarə heyətinin üzvü Kənan Yavuz deyib.

"NEZ-in tikintisi üçün lazım olan investisiyaların həcmi 4,5-5 milyard dollar təşkil edəcək", - Yavuz bildirib.

NEZ-in ümumi gücü 10 milyon ton təşkil edəcək, zavodda istehsal edilən neft məhsulları "Petkim"in və Türkiyənin daxili bazarının tələbatlarını ödəməyə yönəldiləcək.

2015-ci ilədək NEZ-in tikintisinə, energetika sahəsinin və liman-logistika mərkəzinin inkişafına investisiyaların ümumi həcmi 6 milyard dollar təşkil edəcək. Bunun 5,7 milyad dolları "SOCAR-Turcas" tərəfindən yatırılacaq.

Yavuzun sözlərinə görə, liman-logistika mərkəzinin inkişafına 50 milyon dollar yatırılacaq. Neft-kimya kompleksinin inkişaf proqramının ikinci mərhələsi çərçivəsində 2015-ci ildən sonra istehsal gücünün indiki 3 milyon tondan 6 milyon tonadək artıırlması planlaşdırılır.

Proqramın həyata keçirilməsinin məqsədi 2015-ci ilə satış həcminin 15 milyard dollar, 2020-ci ilə isə 20 milyard dollar səviyyəsinə çatdırılmasıdır.

"Bakı-Tbilisi-Qars dəmiryolunun istismara verilməsi iki ölkə arasında neft və kimya sahəsində münasibətlərin möhkəmləndirilməsinə və energetika sektoruna investisiyaların artmasına kömək edəcək", - Yavuz qeyd edib.

Onun sözlərinə görə, "Petkim" ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinə texniki yardımın göstərilməsi sahəsində əməkdaşlığı davam etdirir, eləcə də zəruri xammal və məhsul mübadiləsini həyata keçirir.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti