...

Azərbaycan və Türkiyə sentyabrda tranzit qaz sazişini imzalamağı planlaşdırırlar - səfir

Energetika Materials 2 Avqust 2011 16:10 (UTC +04:00)
Azərbaycan və Türkiyə Azərbaycan qazının Avropaya tədarükü ilə bağlı tranzit sazişi üzrə razılaşmaya cari ilin sentyabrında nail olmağı planlaşdırırlar.
Azərbaycan və Türkiyə sentyabrda tranzit qaz sazişini imzalamağı planlaşdırırlar - səfir

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə Azərbaycan qazının Avropaya tədarükü ilə bağlı tranzit sazişi üzrə razılaşmaya cari ilin sentyabrında nail olmağı planlaşdırırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.

Onun sözlərinə görə, bu saziş üzrə danışıqlar uğurla irəliləyir.

Tranzit sazişi 10 milyard kubmetr Azərbaycan qazının Türkiyə ərazisi ilə birbaşa Avropaya satışını nəzərdə tutur.

Türkiyə ərazisi ilə Azərbaycan qazının Avropaya tədarükü üçün əsas mənbə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsidir. Onun çərçivəsində ilk qazın 2017-ci ildə hasil edilməsi nəzərdə tutulur. Avropaya ildə 10 milyard kubmetr qaz ixrac oluna bilər.

Türkiyə ilə tranzit sazişinin bağlanması Azərbaycan qazının, xüsusilə də "Şahdəniz" yatağından olan qazın Avropaya nəqli üçün lazımdır. Hazırda ARDNŞ Azərbaycan qazının potensial alıcıları və nəql edənlərlə danışıqlar aparır. Lakin müqavilələrin bağlanması kimi, "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin başlanmasının həyata keçirilməsi üçün sankisyanı da yalnız Türkiyə ilə tranzit sazişi bağlandıqdan sonra gözləmək olar.

Bundan əvvəl ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyevin dediyinə görə, tərəflər tranzit ödənişi, qaz həcmləri və qazın nəqli də daxil olmaqla, müqavilənin detallarının böyük hissəsi üzrə danışıqları başa çatdırıblar, lakin hüquqi məsələlərlə bağlı fikir ayrılıqları indiyədək qalır.

Əliyevin sözlərinə görə, "Şahdəniz-2" layihəsi üzrə boru kəmərlərinin tikintisi də nəzərə alınmaqla, 25 milyard dollardan 30 milyard dollaradək təşkil edə biləcək investisiyaların həcmi zəmanətlə təmin olunmalıdır. Belə zəmanətin alınması vasitələrindən biri bütün tərəflərin maraqlarını təmin edə biləcək möhkəm hüquqi bazadır.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti