...

Rusiya XİN Aİ-nin Transxəzər boru kəməri üzrə danışıqlar aparmaq barədə qərarına təəssüflənir

Energetika Materials 13 Sentyabr 2011 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Rusiya XİN Avropa İttifaqı Şurasının Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər qaz boru kəmərinin tikintisinə dair danışıqlar aparılması üçün mandat təqdim etmə qərarından təəssüfləndiyini bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviç brifinqdə deyib.

Danışıqlar aparmaq üçün mandat bazar ertəsi verilib. Aİ ilk dəfə olaraq infrastruktur layihələrinə dəstək üzrə saziş təklif edir.

"Xəzər dənizində işlərə kənardan qarışmaq səyləri, həm də "Xəzər beşliyi" üzvləri üçün çox həssas olan mövzularla bağlı müdaxilələr bu regiondakı vəziyyəti çox ciddi şəkildə çətinləşdirə bilər və Xəzərin hüquqi statusu ilə bağlı aparılan beştərəfli danışıqlara mənfi təsir göstərə bilər. Belə genişmiqyaslı layihələrə dair qərarlar gərək bütün Xəzəryanı ölkələrin iştirakı ilə qəbul edilsin", - mətbuat katibi deyib.

Onun sözlərinə görə, bu prinsip siyasi cəhətdən bağlayıcı olan və 2007-ci il oktyabrın 16-da Tehrandakı II Xəzər sammitində imzalanmış Bəyanatla möhkəmləndirilib.

"Aydındır ki, yüksək seysmik aktiv su hövzəsində magistral boru kəmərinin çəkilməsi məhz bu kimi məsələlərə aiddir", - o deyib.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq və burada "Nabukko" ilə birləşəcək. Aİ və digər ölkələrlə Transxəzər boru kəmərinin tikintisi barədə danışıqlar ötən əsrin 90-cı illərindən aparılır. Bu gün boru kəmərinin tikintisi Xəzərin statusunun müəyyən edilməməsi səbəbindən çətinləşib.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti