Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə çoxtərəfli qrupun 2011-ci il üzrə son iclası keçirilib.
Fonddan cümə günü Trend-ə verilən məlumata görə, iclasda çoxtərəfli qrupun 2012-ci il üçün iş planı, Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarında sosial və gömrük ödənişlərinin MHŞT üzrə hesabatlara daxil edilməsi məsələsi, Memorandumun təkmilləşdirilməsi üzrə işçi qrupunun hazırladığı layihə və MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.