...

Neftlə çirklənmiş torpaqlar və yarımköçəri maldarlıq Azərbaycan ekologiyası üçün əsas problemlərdir

Energetika Materials 25 Noyabr 2011 17:00 (UTC +04:00)

Azərbaycan, Qəbələ, 25 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan üçün ən ciddi ekoloji problemlər torpaqların neftlə çirklənməsi və yarımköçəri maldarlıqdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

"Bunların həlli zamanın məsələsidir. Qalan məsələlər həll olunub və olunur", - Bağırov deyib.

Onun sözlərinə görə, nazirlik Azərbaycandakı şirkətlərin işində ekoloji pozuntuları aşkara çıxaran tədqiqatları davam etdirir.

"Bu pozuntular indi azdır və müraciətlər əsasında aparılır. Bizim işimiz və əhalinin maarifləndirilməsi üzrə işlər nəticəsində bizə ətraf mühitin çirklənməsi barədə məlumatlar daxil olur. "Qaynar xətt" yaxşı işləyir. BP-yə gəldikdə, onların işə yanaşması, texnologiyaları ətraf mühitə qayğı ilə müşayiət olunur. BP-nin platformalarında qəzaların baş verməsinə baxmayaraq, özləri bizi bu barədə məlumatlandırırlar. Mən bunları çox adlandırmazdım. Həmin məlumatlar əsasında biz onlar barəsində cərimələr tətbiq edirik", - o deyib.

Nazirin sözlərinə görə, ekoloji pozuntular uzun müddət ərzində istismar olunan neft ərazilərindən istifadə edən şirkətlərin fəaliyyətində müşahidə olunur.

"Onların balansında olan və təmizlənmənin aparılması tələb olunan ərazilər ekoloji gərginlik yaradır. Bununla yanaşı, ARDNŞ onun balansında olan torpaqlarda təmizləmə işlərini davam etdirir. Həmçinin, sovet dövründən qalan sənaye müəssisələri də problemlər yaradır. Lakin əsasən bioloji müxtəlifliyin və meşə sahələrinin azalmasına yarımköçəri maldarlıq təsir göstərir", - Bağırov deyib.

Xəbər lenti

Xəbər lenti