...

ARDNŞ qeyri-profil obyektlərin təhvil verilmə prosesini başa çatdırıb

Energetika Materials 14 Yanvar 2012 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əvvəllər balansında olduğu bütün qeyri-profil obyektlərin müvafiq strukturlara verilməsi prosesini başa çatdırıb. Bu barədə şənbə günü Trend-ə ARDNŞ-nin Hüquq İdarəsinin sədri Eldar Orucov bildirib.

Onun sözlərinə görə, müvafiq strukturlara sosial obyektlərlə yanaşı, xüsusən, mədəniyyət və tibbi təyinatlı obyektlər, eləcə də elektrik enerjisi və su təchizatı sahəsində olan obyektlər verilib.

"Elektrikötürücü xətlərə gəlincə, onlar enerji operatoru "Bakıelektrikşəbəkə" ASC-yə verilib. Əvvəllər, xüsusən, Bakıda mədən ərazilərində yaşayan vətəndaşlar neft-qazçıxarma idarələrinin ərazisindəki enerji şəbəkələrinə qoşulurdular. Nəticədə bu vətəndaşlar tərəfindən istehlak edilən elektrik enerjisinə görə həmin idarələr ödəniş edirdilər", - Orucov qeyd edib.

2011-ci il ərzində ARDNŞ əvvəllər balansında olan bir neçə obyekti bir sıra dövlət strukturlarının, eləcə də elektrik enerjisi və suyun istehsalı və paylanması üzrə operatorların balansına verib.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi)," Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Şirkət, həmçinin ötən il İsveçrədə iri YDM şəbəkəsi əldə edib.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti