...

Bakıda yağan qar kommunal infrastrukturun işində problem yaratmayıb

Energetika Materials 17 Mart 2012 15:41 (UTC +04:00)
Bakıda pisləşən hava şəraiti ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC, "Azəriqaz" İB və "Azərsu" ASC gücləndirilmiş iş rejiminə keçiblər.
Bakıda yağan qar kommunal infrastrukturun işində problem yaratmayıb

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir H.Vəliyev/

Bakıda pisləşən hava şəraiti ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC, "Azəriqaz" İB və "Azərsu" ASC gücləndirilmiş iş rejiminə keçiblər.

"Elektrik enerjisinin verilişində problem qeydə alınmayıb, lakin gözlənilmədən baş verə biləcək vəziyyətə hazır olmaq üçün qəza xidmətinin işçiləri səfərbər edilib", - bu barədə şənbə günü Trend-ə "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, qarşıdakı bayramla əlaqədar "Bakıelektrikşəbəkə" gücləndirilmiş iş rejimində işləyəcək. Bu gündən başlayaraq martın 27-dək növbəli iş rejiminə keçidlə nəzarət gücləndiriləcək.

Mustafayev deyib ki, istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün avadanlıq və material ehtiyatı təmin edilib, texniki qüvvə və növbə qaydaları, habelə əlavə materiallar, maşınlar və mexanizmlər müəyyənləşdirilib.

Onun sözlərinə görə, mümkün problemləri operativ aradan qaldırmaq üçün abunəçilər qəza xidmətinin 199 telefon nömrəsinə müraciət edə bilərlər. Operativ qrupların fəaliyyəti sayəsində yaranan fasilələr qısa müddət ərzində aradan qaldırıla bilər.

Şənbə günü ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən (İB) Trend-ə bildiriblər ki, hava şəraitinə baxmayaraq, qazın verilişində problem yoxdur. Martın 20-dən başlayaraq İB bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.

"Azərsu" ASC-dən şənbə günü Trend-ə bildiriblər ki, qarlı və yağışlı hava ilə əlaqədar şirkətin qəza və kanalizasiya xidmətlərinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Su operatoru mövcud iş rejimini bayram günlərində də saxlamaq niyyətindədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, şənbə günü ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Gün ərzində Bakı və Abşeron yarımadasında qısamüddətli yağıntı, sulu qar gözlənilir. Yağıntılar axşamadək tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcə, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Sabahdan etibarən Azərbaycanda hava şəraiti mülayimləşəcək.

Xəbər lenti

Xəbər lenti