Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Bədəlova/
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 129,17 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 0,67 dollar/barel artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 128,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 26-da 121,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 26-da 125,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.