...

Azərbaycan TANAP layihəsində iştirak payını Türkiyəyə güzəştə getmək fikrində deyil - ARDNŞ

Energetika Materials 4 Aprel 2012 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir E.İsmayılov /

Trans-Anadolu boru kəməri layihəsində (TANAP) Azərbaycan və Türkiyə tərəflərinin iştirak payının bölüşdürülməsi məsələsi artıq həll olunub və ona yenidən baxılması nəzərdə tutulmur. Bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev Türkiyənin layihədə öz iştirak payını artırmaq imkanları haqqında bəyanatını şərh edərkən məlumat verib.

Onun sözlərinə görgə, iştirak payı 80:20 nisbətində bölünüb ki, bunun da böyük hissəsi ARDNŞ-yə, kiçik hissəsi isə Türkiyənin boru kəmərləri inhisarçısı BOTAŞ şirkətinə məxsusdur.

Öz növbəsində, Azərbaycan tərəfinin 80 faizlik payının bir hissəsinin Azərbaycanda qaz layihələrinin iştirakçıları olan şirkətlər arasında bölüşdürülməsi planlaşdırılır. Abdullayev bildirib ki, payın bölüşdürülməsi məsələsinə TANAP layihəsi çərçivəsində hökumətlərarası sazişin və başqa sənədlərin imzalanmasından sonra baxılacaq.

Hazırda Azərbaycanda qaz yataqlarının işlənməsində iştirak edən şirkətlərin, eləcə də ölkənin hüdudlarından kənardakı başqa şirkətlərin təkliflərinə baxılır. Abdullayev deyib ki, payın bölüşdürülməsi qərarı şirkətlər tərəfindən nəql edilən qaz həcmlərindən və başqa məsələlərdən asılı olacaq.

Onun sözlərinə görə, Azərbaycanın payının bölüşdürüləcəyinə baxmayaraq, ARDNŞ qaz kəməri üzərində nəzarəti özündə saxlamaq fikrindədir.

Abdullayev Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçimi məsələsinə toxunaraq deyib ki, bütün yerdə qalan layihələrə, o cümlədən Transadriatik qaz kəmərinə, "Nabukko West" və "Cənub-Şərqi Avropa" (SEEP) layihəsinə baxılır. Və baxılmanın nəticələrindən asılı olaraq ölkədə qaz hasilatının artımı nəzərə alınmaqla Azərbaycan üçün ən əlverişli variant seçiləcək.

TANAP boru kəmərinin ilkin gücü ildə 16 milyard kubmetr təşkil edəcək. Altı milyard kubmetrə yaxın Türkiyə üçün ayrılacaq, yerdə qalan həcm Avropaya nəql olunacaq.

Türkiyə və Azərbaycan artıq Azərbaycanın "Şahdəniz" yatağından təbii qazın Türkiyə ərazisindən Avropaya nəqli üçün qaz kəməri tikəcək konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Layihə iştirakçıları bu qaz kəməri ilə bağlı bütün məsələləri 2012-ci ildə həll etməyi və layihənin "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə başlanacağı 2017-ci ilin sonunadək təhvil verilməsi üçün tikintiyə başlamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti