...

ARDNŞ prezidenti Kimya Sənaye Parkının yaradılması üzrə hazırlıq işləri ilə tanış olub

Energetika Materials 18 Aprel 2012 18:05 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda olub. Şirkət rəhbəri müəssisənin EP-300 istehsalatının əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş inzibati binasının açılışında iştirak edib.
ARDNŞ prezidenti Kimya Sənaye Parkının yaradılması üzrə hazırlıq işləri ilə tanış olub

Azərbaycan, Bakı, 18 aprel /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda olub. Şirkət rəhbəri müəssisənin EP-300 istehsalatının əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş inzibati binasının açılışında iştirak edib. Bu barədə çərşənbə günü Trend-ə İB-dən məlumat verilib.

Şirkət rəhbəri Birlikdə və onun müəssisələrində iki il əvvəl başlanılmış yenidənqurma tədbirlərinin davamı olaraq, EP-300 istehsalatının kollektivi üçün inşa edilmiş yeni inzibati bina ilə, kimyaçılar üçün burada yaradılmış müasir iş və məişət şəraiti ilə tanış olub.

ARDNŞ prezidentinə məlumat verilib ki, üçmərtəbəli yeni inzibati binada münasib və rahat şəraitə malik 60-a qədər iş və 20 köməkçi otaq tam olaraq Buxar-generator kompleksinin, müxtəlif istehsalat sahələri və sexlərinin, mərkəzi və sanitar laboratoriyalarının, qazdan xilasetmə və rabitə sahələrinin mütəxəssislərinin istifadəsinə verilib. Çox geniş - ümumilikdə 7,7 min kvadratmetr sahəyə malik yeni inzibati bina əmək və məişət şəraitinin yaxşılaşdırılması baxımından istehsalatın 500-ə yaxın əməkçisi üçün mühüm bir töhfədir.

Müasir mətbəx avadanlıqlarının quraşdırıldığı, eyni zamanda, 100 nəfərə xidmət edə biləcək yeməkxana, fərdi şkaflar, qarderoblar və s. ilə təmin edilmiş 800 nəfərlik soyunub-geyinmə otaqları kimyaçıların məişət rahatlığını təmin edəcək. Müasir işıqlanma, istilik və sərinlik sistemləri ilə təmin olunmuş binada ayrıca müşavirə zalı, istehsalatda işin səmərəli və təhlükəsiz təmin olunması üçün nəzərdə tutularaq, müasir standartlar səviyyəsində əyani təlim-tədris vəsaitləri ilə təmin olunmuş əməyin təhlükəsizliyi kabinəsi və s. də var.

İnzibati bina ilə tanışlıqdan sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev Sumqayıtda ilk dəfə olaraq yaradılmaqda olan, neft-kimya kompleksi üçün yüksəkixtisaslı, peşəkar fəhlə kadrların hazırlanmasında, onların peşə və ixtisaslarının artırılmasında mühüm rol oynayacaq Təlim-Tədris Mərkəzindəki tamamlama işləri ilə də tanış olub.

Şirkət rəhbərinə məlumat verilib ki, burada Sumqayıtın yenidən qurulmaqda, müasirləşməkdə olan neft-kimya kompleksi üçün 10-a qədər fəhlə ixtisası - aparatçı, maşinist, elektrik montyoru, qaynaqçı, tornaçı, çilingər və s. ixtisaslar üzrə müasir tələblər səviyyəsində gənc kadrlar hazırlanacaq. Təlim-tədris proseslərində nəzəri biliklə yanaşı, əyaniliyin təmin edilməsi, gənclərin peşələrə tam və mükəmməl yiyələnmələri üçün xüsusi peşə kabinələri, o cümlədən dəzgah təlimi, kompüter tədrisi otaqları, linqafon zalı, texniki kitabxana, oxu zalı və s. də yaradılıb. Xüsusi olaraq əyani vasitələrlə təchiz edilmiş ekologiya və əməyin mühafizəsi otağı gələcək kadrların bu sahədə geniş məlumat və vərdişlər əldə etməsində mühüm rol oynayacaq.

Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan Təlim-tədris mərkəzində neft-kimya sənayesi üçün hər il yüzlərlə gənc kadr hazırlanacaq.

ARDNŞ prezidenti Rövnəq Abdullayev daha sonra keçmiş Səthi aktiv maddələr zavodunun geniş ərazisində Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı aparılan ilkin işlərin gedişi ilə tanış olub. Burada o, respublikanın media nümayəndələrinin yeni salınmaqda olan parkla və neft-kimya sənayesinin perspektiv inkişafı ilə bağlı çoxsaylı suallarına cavab verib. Jurnalistlərin "Azərikimya"nın istehsalat fəaliyyəti ilə əlaqədar sualına cavab olaraq bildirilib ki, kimyaçılar 2011-ci ili uğurla başa vurub və bu ilin ilk rübündə də yüksək istehsalat göstəricilərinə nail olublar. Şirkət prezidenti Birlik üzrə kimyəvi məhsulların maya dəyərinin xeyli aşağı salındığını (1 manatlıq məhsul istehsalına 2009-cu ilə nisbətən 0,47 manat az vəsait xərclənib), məhsuldarlığın isə kifayət qədər yüksəldiyini diqqətə çatdırıb. Ən mühümü isə odur ki, son iki il ərzində kimyaçıların orta əməkhaqqı 2009-cu illə müqayisədə 2 dəfədən də çox artıb, onların maddi-rifahı, yaşayış səviyyəsi yüksəlib.

Xəbər lenti

Xəbər lenti