...

Azərbaycanda təbii qaz hasilatı 2025-ci ilədək 55 milyard kubmetr təşkil edəcək - ARDNŞ

Energetika Materials 9 May 2012 17:19 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) proqnozlarına görə, Azərbaycanda təbii qaz hasilatı 2025-ci ilədək 55 milyard kubmetr təşkil edəcək.
Azərbaycanda təbii qaz hasilatı 2025-ci ilədək 55 milyard kubmetr təşkil edəcək - ARDNŞ

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir V.Javoronkova/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) proqnozlarına görə, Azərbaycanda təbii qaz hasilatı 2025-ci ilədək 55 milyard kubmetr təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev "The business year" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan təkcə mövcud qaz həcmlərini deyil, həmçinin 2020 və 2025-ci illərdən sonra Azərbaycanın digər yataqlarından hasil ediləcək qaz həcmlərini nəzərə alaraq, qazın nəqli üçün qaz kəmərinin necə olacağını həll edir.

Abdullayevin sözlərinə görə, Azərbaycana hər yataq üçün ayrıca qaz kəməri tikmək sərfəli deyil, ona bütün yataqlardan qaz nəql etməyə imkan verən və ehtiyac yaranarsa, genişlənə bilən qaz kəməri lazımdır.

"Bizim qaz tədarükçüsü kimi vəzifəmiz sadəcə qaz ixrac etmək deyil, həm də bunu daha yaxşı qiymətlə etməkdir", - o deyib.

Onun sözlərinə görə, avropalı alıcılar başa düşməlidirlər ki, Azərbaycan Avropaya qaz tədarükü imkanları əldə etmək üçün milyardlarla investisiyalar yatırmalıdır.

"Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazasının reallaşdırılmasının ilkin qiyməti 25-26 milyard dollar təşkil edir və qaz təkcə bu xərcləri ödəməməlidir, həm də kifayət qədər gəlir verməlidir", - Abdullayev deyib.

O qeyd edib ki, hazırda bu yatağın işlənməsi üzrə konsorsium qazın Avropaya nəqli üçün hansı layihənin seçilməsinə dair qərar qəbul etməlidir.

Abdullayevin sözlərinə görə, hazırda ARDNŞ təklif edilən layihələr haqqında və "Cənub dəhlizi" çərçivəsində Aİ ilə əməkdaşlığın gələcək inkişafı məqsədilə zəruri məlumatı toplamaq üçün potensial qaz alıcıları ilə kommersiya danışıqlarını davam etdirir.

"Bununla da 2012-ci il qərarların qəbul ediləcəyi il olacaq və "Şahdəniz" yatağının işlənməsinin ikinci fazasının tam reallaşdırılması çərçivəsində maliyyə qərarları qəbul ediləcək və bundan sonra geriyə yol olmayacaq", - Abdullayev qeyd edib.

Onun fikrincə, ARDNŞ Avropadakı potensial alıcılar və infrastruktur sahibləri ilə danışıqlar aparmaqla "Cənub dəhlizi" layihəsinə müsbət töhfə verir.

Şirkət rəhbəri onu da deyib ki, ARDNŞ qonşu Gürcüstan və Türkiyədə iştirakını artırmağı planlaşdırır.

"Bu gün Azərbaycan öz paylayıcı şəbəkəsi vasitəsilə Gürcüstan bazarının 50 faizini təmin edir. Azərbaycan, həmçinin Gürcüstanda qaz bölgüsünə nəzarət edir. Belə ki, ölkəyə idxal edilən qazın 90 faizi Azərbaycandan tədarük edilir", - o vurğulayıb.

Abdullayevin sözlərinə görə, bundan başqa, Azərbaycan Türkiyədə istehsal gücü ildə 10 milyon ton olan STAR neft emalı zavoduna 6 milyard dollar investisiya qoymağı planlaşdırır. "Biz bu layihəyə investisiya qoymaq istəyirik, çünki böyük potensiala malik Türkiyənin neft-kimya sahəsində iştirakımızı inkişaf etdirmək niyyətindəyik", - o əlavə edib.

"Bundan əlavə, ARDNŞ Ukrayna və Rumıniyada neft məhsullarının bölüşdürülməsinə investisiya yatırmağa başlayıb, həmçinin şirkətin İsveçrə və BƏƏ-də layihələri mövcuddur", - Abdullayev qeyd edib.

Trans-Anadolu qaz kəməri layihəsinə (TANAP) toxunan şirkət prezidentinin sözlərinə görə, hazırda 16 milyard kubmetr qazın nəql edilməsi imkanları müzakirə edilir və Azərbaycan bu həcmi ya Türkiyənin BOTAŞ şirkətinin mövcud qaz nəqli sistemi ilə nəql etməli, ya da bunun üçün yeni qaz kəməri çəkməlidir.

"Hər iki imkan "Cənub dəhlizi"nin əsas elementləri qismində nəzərdən keçirilir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ hər iki layihənin imkanlarının müəyyənləşdirilməsindən sonra təqribən 2012-ci ilin ortalarında bu məsələ ilə bağlı yekun qərarını açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti