...

Azərbaycanda magistral qaz kəmərində yenidənqurma işləri başa çatıb

Energetika Materials 21 May 2012 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycanın qərb zonasının təbii qazla təminatında böyük əhəmiyyətə malik Hacıqabul-Qazax magistral kəmərinin təhlükəsiz istismarını təmin etmək məqsədilə 65-69-cu kilometrlik hissəsində aparılan yenidənqurma işləri vaxtından əvvəl tamamlanıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri "Neftqaztikinti" Trestinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsi tərəfindən aparılıb. 4,7 kilometr uzunluğunda olan bu hissə tam inşa olunub, onun möhkəmlik və kipliyi yoxlanılıb.

Bundan əlavə, Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsi tərəfindən kəmərin 75-ci kilometrliyində yeni 1200 mm-lik xətti kran quraşdırılması ilə əlaqədar olaraq təmir-bərpa işləri qrafiki qabaqlamaqla həyata keçirilib. Eyni zamanda, Hacıqabul-Qazax magistral kəmərinin 283-cü kilometrliyində 1020 mm-lik istismara yararsız xətti kran dəyişdirilib ki, bu da qaz itkisinin qarşısının alınmasına zəmin yaradıb.

Qeyd edək ki, uzunluğu 378,4 kilometr olan 1220/1020 mm-lik Hacıqabul-Qazax magistral qaz kəməri 1979-cu ildə istifadəyə verilib. Bu kəmər vasitəsilə Mingəçevir Elektrik Stansiyası təbii qazla təchiz olunur, həmçinin Gürcüstana sutkada 2,5-4,5 milyon kubmetr həcmində "mavi yanacaq" ixrac olunur.

Xəbər lenti

Xəbər lenti