Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.İsmayılov/
Rusiyanın "RU-ENERGY Group" holdinqi Azərbaycanda hasilat layihələrində iştirak etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Bakıda holdinqin vitse-prezidenti Əbdül Ləzgiyev bildirib.
Onun sözlərinə görə, hazırda şirkət MDB ərazisində, xüsusən, Azərbaycanda hasilat layihələrində iştirak variantlarını nəzərdən keçirir. Şirkətin hasilat layihələrində həm sərbəst, həm də Azərbaycan tərəfdaşları ilə birgə iştirakla bağlı planları var.
Ləzgiyevin sözlərinə görə, həmçinin "RU-ENERGY Group" birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir.
"Biz neft servisi xidmətlərinin göstərilməsi, habelə neft-qaz avadanlığının istehsalı sahəsində ixtisaslaşmışıq. Hazırda şirkət fəaliyyətinin genişləndirilməsi çərçivəsində hasilat layihələrində iştirak imkanlarını nəzərdən keçirir", - Lzgiyev qeyd edib.
O deyib ki, Rusiya şirkəti növbəli əsasda iş məqsədilə Azərbaycan mütəxəssislərinin cəlb edilməsində maraqlıdır. Xüsusən, "RU-ENERGY Group" üçün qazma, mühəndis-texnoloqlar və s. sahədə ixtisaslaşan yüksəkixtisaslı Azərbaycan kadrları böyük maraq kəsb edir.