...

ARDNŞ müəssisəsinin tərkibində struktur dəyişikliyi edib

Energetika Materials 9 Avqust 2012 12:09 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Kompleks Qazma İşləri" Trestinin tərkibində struktur dəyişikliyi edib.
ARDNŞ müəssisəsinin tərkibində struktur dəyişikliyi edib

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Kompleks Qazma İşləri" Trestinin tərkibində struktur dəyişikliyi edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Dəyişiklik çərçivəsində "Xəzər" Dəniz Kəşfiyyat Qazma İdarəsi bölünməklə yenidən təşkil edilib, onun xidmət sahərinin bir hissəsi "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin, bir hissəsi isə "Sahil" Qazma İşləri İdarəsinin tərkibinə verilib. Eyni zamanda trestin "Qobustan" Kəşfiyyat Qazma İşləri İdarəsi qazma sexi kimi "Abşeron" Qazma İşləri İdarəsinin tərkibinə verilib.

Struktur dəyişiklikləri trestin xərclərinin optimallaşdırılmasını təmin etmək məqsədi ilə aparılıb.

Bu amillər nəzərə alınaraq "Kompleks Qazma İşləri Tresti"nə və ARDNŞ-nin Baş ofisinin İnsan Resursları Departamentinə tapşırılıb ki, aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin istər həmin trestin tərkibində yeni işə götürənlə əmək münasibətlərinin davam etdirilməsi imkanlarının araşdırılması, istərsə də şirkətin digər müəssisə və təşkilatlarında yerləşdirilməsi istiqamətində operativ tədbirlər görülsün.

Bu gün ARDNŞ-nin müxtəlif idarə və müəssisələrində mövcud olan vakansiyalar üzrə daxili imkanlar böyükdür. Təkcə "Azəriqaz" İstehsalat Birliyi üzrə hazırda 600-dən artıq vakansiya mövcuddur. Sərbəstləşmiş işçilərin böyük bir hissəsi bu sahəyə cəlb olunacaq. İkinci bir tərəfdən ARDNŞ-də hər ay kadr personalının təbii axını orta hesabla 400-500 nəfər arasında dəyişir. Bu da o deməkdir ki, yaxın 1-2 ay ərzində "Kompleks Qazma İşləri" Trestinin idarələri üzrə sərbəstləşmiş və ixtisaslı, peşəkar fəhlə kadrlarına yeni iş yerləri təklif olunması üçün real imkanlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti