...

BP neft-qaz mühəndisləri üçün dünya səviyyəli yeni təlim proqramı açıb

Energetika Materials 4 Sentyabr 2012 19:59 (UTC +04:00)
Bu gün BP Bakıda gənc neft-qaz mühəndisləri üçün öz yeni təlim proqramınının rəsmi təqdimatını keçirib.
BP neft-qaz mühəndisləri üçün dünya səviyyəli yeni təlim proqramı açıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bu gün BP Bakıda gənc neft-qaz mühəndisləri üçün öz yeni təlim proqramınının rəsmi təqdimatını keçirib. Bir neçə milyon dollar dəyərində olan bu proqram BP-yə qoşulan neft və qaz ixtisaslı yerli məzunların bacarıqlarının inkişafına dəstək məqsədi daşıyır.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu beynəlxalq səviyyəli layihə təlim və inkişaf vasitəsi kimi planlaşdırılıb. Proqram gənc azərbaycanlı neft-qaz mühəndislərini BP şirkəti daxilində uğurlu karyera yolu keçməyə hazırlayacaq. Bu, BP-nin regionda genişlənməkdə olan biznesinin planlarına uyğun olaraq hər il şirkətin işə götürdüyü yerli mütəxəssislərin sayının artırılması məqsədi ilə üst-üstə düşür.

BP bu dünya səviyyəli təlim proqramının işə başlaması münasibətilə bu gün Bakıda rəsmi tədbir keçirib. Proqramın ilk iştirakçıları yerüstü mühəndislik, geologiya-geofizika və quyular üzrə ixtisaslaşan 55 yerli mütəxəssis olacaq. Onların hamısı 2011-ci ildə BP şirkətinin neft-qaz ixtisaslı məzunlar üçün élan etdiyi iş yerlərinə ərizə vermiş təxminən min nəfər arasından seçilib.

Bu proqram gənc neft-qaz mühəndislərinin əsasən texniki sahələrdə və biznes üzrə bilgilərini, ünsiyyət və ingilis dili bacarıqlarını dərinləşdirmələrinə kömək etmək üçün hazırlanıb. Proqram həmçinin bu bilik və bacarıqların neft və qaz sənayesində praktikaya tətbiqini öyrədən bir tədris mexanizmi kimi layihələndirilib.

Tədbirdə proqramın ilk iştirakçılarına öz təbriklərini ünvanlayan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir deyib: "BP şirkəti Azərbaycanda bu cür unikal təlim proqramına başlamaqdan qürur duyur. Bu proqram işə götürülən yerli mühəndislərin universitet məzunluğundan BP şirkətində uzunmüddətli peşəkar karyeraya doğru inkişafının ilk addımıdır. İnanırıq ki, proqram BP şirkətinə işə girən gənc azərbaycanlıların sayını və ümumiyyətlə beynəlxalq neft sənayesinə qoşulan milli kadrların sayını artırmağa kömək edəcək.

BP şirkəti 20 ildir ki, neft və qaz sənayesində Azərbaycanın ən böyük tərəfdaşıdır və bu müddət ərzində biz həmişə ölkənin peşəkar və intellektual kapitalının artırılması istiqamətində göstərilən səylərə dəstək olmuşuq. BP-nin Azərbaycanda öz biznesini genişləndirmək və yerli işçilərin sayını 90%-ə çatdırmaq planları var. İnanırıq ki, dünya səviyyəli təlim və inkişaf vasitəsi kimi düşünülmüş bu yeni proqram bizim planlarımızın həyata keçməsinə kömək etməklə yanaşı, həm də ümumilikdə Azərbaycanın neft-qaz sahəsindəki mühəndis kadrlarının və potensialının inkişafına töhfə verəcək."

Bu proqrama qəbul hər il BP-nin məzunların işə götürülməsi planı çərçivəsində aparılacaq və dərslər sentyabr ayından başlayaraq on bir ay davam edəcək. Bu məqsədlə İçəri Şəhərdə BP-nin xüsusi layihələndirilmiş və avadanlıqla təchiz olunmuş yeni təlim mərkəzindən istifadə ediləcək. Proqram biznes və sənaye üzrə aparıcı və nüfuzlu beynəlxalq tədris və təlim müəssisəsi olan "Heriot-Watt" Universiteti (Böyük Britaniya) və TTE-Petrofak şirkəti (Böyük Britaniya) tərəfindən aparılacaq.

Redaktorlar üçün qeydlər:

Bu gün təqdim olunan neft-qaz mühəndisləri üçün təlim proqramından əlavə, BP indiyədək Azərbaycanda həm ayrılıqda, həm də tərəfdaşları ilə birlikdə bir sıra digər uğurlu təlim layihələri ilə yerli texniki və neft-qaz ixtisaslı mütəxəssislərin peşəkar inkişafına şərait yaradıb. Bunlara Səngəçal Terminalında yerləşən Xəzər Texniki Təlim Mərkəzi (XTTM) və BP-nin şirkətdaxili "Gənc mütəxəssis (Challenge)" proqramı daxildir.

Əlavə məlumat üçün BP-nin mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz,
tel.: (994 12) 437 75 73

Xəbər lenti

Xəbər lenti