...

ARDNŞ Xəzərdəki iri yataqdan kondensat tədarük edir

Energetika Materials 25 Sentyabr 2012 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qazla yanaşı, Xəzərin Azərbaycan sektorundakı "Ümid" qaz-kondensat yatağındakı quyudan quru əraziyə kondensat tədarük edir. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yataqdan alınan qaz və kondensatın tədarükünü təmin etmək üçün iki boru kəməri tikilib.

"Qazdan mayeni ayırdıqdan sonra hər iki məhsul xüsusi tikilmiş boru kəməri vasitəsi ilə tədarük olunur", - mənbə qeyd edib.

"Ümid" yatağından quruya karbohidrogen tədarükü bu yaxınlarda başlayıb.

Mənbənin sözlərinə görə, qaz və kondensatın tədarük edildiyi quyu kəşfiyyat quyusu kimi qazılırdı, lakin yaxşı göstəricilər nümayiş etdirdiyindən alınan karbohidrogenlərin quruya tədarükü haqqında qərar qəbul edilib.

Quruya tədarük edilən qaz və kondensatın həcmlərinə toxunan ARDNŞ nümayəndəsi bildirib ki, tədarük həcminin 1 milyon kubmetr qaz və sutkada 200 ton kondensat olması gözlənilir.

ARDNŞ mütəxəssislərinin hesablamalarına görə, yatağın ehtiyat həcmi 200 milyard kubmetrdən çox qaz və 40 milyon ton kondensat təşkil edir.

Xəbər lenti

Xəbər lenti