Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Bakı Gəmiqayırma Zavodunun tikintisi işlərinin gələn ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Bakı Gəmiqayırma Zavodunun Tikintisi" layihəsinin strateji əhəmiyyəti nəzərə alınaraq, Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin tabeliyində yeni struktur - Sənaye Tikinti İdarəsi yaradılıb. İdarə zavodun sənaye və mülki tikinti işləri ilə məşğul olur. Bundan başqa, layihə üzrə hazırlıq işlərinə Trestin Yol Tikinti Təmir İdarəsi də cəlb olunub. Bu günədək Yol Tikinti Təmir İdarəsi tərəfindən Güzdək daş karxanasından 605000 m3 but daşı daşınıb, xırdalanıb və 50 hektar sahəyə yayılaraq kipləşdirilib. Betona olan tələbatı ödəmək üçün Trest tərəfindən istehsal gücü 100 m3/saat olan beton qurğusu tikilib istifadəyə verilib.
Ərazidə materialların saxlanması üçün üstüörtülü anbar, rəngləmə sexləri və metal konstruksiyaların hazırlanma sexi inşa olunur. Hazırda metal-konstruksiya işləri yerinə yetirilir. Bundan başqa, zavod üçün beşmərtəbəli əsas ofis binası, təlim mərkəzi, sifarişçi, təchizatçı, topoqraflar üçün ofis, mexaniki emalatxana, zavodun təmir emalatxanası, elektrik emalatxanası, ikimərtəbəli yeməkxana, soyunub-geyinmə otağı, tibb məntəqəsi, kompressor binası, oksigen anbarı, 3 ədəd karbon dioksid anbarı, eyni zamanda, Bakı Gəmiqayırma Zavodunun elektrik təchizatının etibarlı təminatı üçün əsas yarımstansiya və generator, 7 ədəd yarımstansiya binası tikilir.
Hazırda bütün inşaat işləri qrafika uyğun davam etdirilir. Obyektin tərkibində olan ötürücü sahənin betonlanması işləri də uğurla icra olunur. 10 min kvadratmetrlik sahədə inşa olunan "Finger Pier" - yanalma meydançasında 700 ədəd qazma-tökmə svay işi yerinə yetirilib. İstinad divarının altına 663 ədəd 1200 mm-lik və 160 ədəd 1500 mm-lik müxtəlif uzunluqda svaylar vurulub.