...

Riçard Luqar: Azərbaycanın enerji resurslarının ixracatçısı kimi güclənməsi Avropanın təhlükəsizliyinə təsir edir

Energetika Materials 29 May 2013 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın enerji resurslarının ixracatçısı kimi güclənməsi Avropanın təhlükəsizliyinə təsir edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun yekun sessiyasında çıxışı zamanı ABŞ senatoru Riçard Luqar bildirib.

Senator vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ətraflı və məzmunlu çıxışı onda böyük təəssürat yaradıb: "Mən ilk dəfə Prezident Heydər Əliyevlə 1998-ci ildə görüşmüşəm və Sovet İttifaqının dağılmasından sonra keçid dövründə olan Azərbaycanı görmüşəm. Onda ölkənin gələcəyi dumanlı idi. Hazırda isə, şübhəsiz ki, Azərbaycan ABŞ-ın dostu, kommersiya tərəfdaşı və hərbi müttəfiqidir".

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq gələcəkdə də yalnız genişlənəcək.

Senator qeyd edib ki, Azərbaycan ABŞ ilə həm quruda, həm də dənizdə uğurla əməkdaşlıq edir: "Biz Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edirik, lakin bu sahələrdən bəziləri regionun təhlükəsizliyi üçün həlledici rol oynayır. Regional təhlükəsizlik regiondan kənarda da böyük təsirlərə malikdir. Əgər İranda nüvə silah yaransa, bu həm ABŞ, həm də Azərbaycan üçün qəbuledilməz olacaq".

Luqar vurğulayıb ki, energetika sahəsində əməkdaşlıq regionun sabitliyində böyük rol oynayır: "Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi həm regionda sabitliyin möhkəmləndirilməsində, həm də Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində böyük rol oynayıb".

Senator həmçinin bildirib ki, Azərbaycanın enerji resurslarının ixracatçısı kimi güclənməsi Avropanın təhlükəsizliyinə təsir edir.

Luqar deyib: "Rusiyanın Mərkəzi Asiya ölkələrinə öz təsirindən istifadə edərək, Avropaya təsir etməsinə diqqət yetirmək lazımdır. Bu əlaqədə Rusiyanı bazar iqtisadiyyatı çərçivəsində hərəkət etməyə məcbur etmək əhəmiyyətlidir. Azərbaycan qazının Mərkəzi və Şərqi Avropa ölkələrinə "Nabucco West" və "ТАР" kəmərləri ilə tədarükü yalnız iqtisadi qərar deyil. Coğrafi yerləşmə bu qərarı strateji edir".

Onun sözlərinə görə, "Nabucco West" Avropanın enerji ehtiyatları baxımından kasıb ölkələrinə qaz çatdıracaq və bu onların vəziyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək. Bundan əlavə, "Nabucco" ABŞ-ın müttəfiqlərinə qazın çatdırılması üçün şərait yaradacaq. Bütün bunlar Avropanın Rusiya və İrandan asılılığını azaldacaq.

Senator bildirib ki, resursların böyük həcmdə olması korrupsiyanın inkişafı üçün əlverişli mühit yaradır: "Lakin Prezident İlham Əliyev tərəfindən yaradılan neftdən əldə olunan gəlirlərin bölgüsünə dair şəffaf mexanizm bundan qaçmağa imkan verdi. Bu, yalnız korrupsiyanın artmasının qarşısını almır, eləcə də cəmiyyətin inkişafına şərait yaradır".

Luqar iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti