...

Sumqayıt şəhərinin qaz təchizatı yaxşılaşdırılır

Energetika Materials 7 Avqust 2013 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

ARDNŞ-nin ''Azəriqaz'' İstehsalat Birliyi ölkənin qaz təchizatının yaxşılaşdırılması, əhalinin təbii qaza olan tələbatını tam təmin olunması məqsədi ilə mühüm tədbirlər həyata keçirir. Bu baxımdan Sumqayıt şəhərində aparılan işlər təqdirəlayiqdir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Birliyin fəaliyyəti dövründə Sumqayıtın Novxanı və Saray bağları ərazisində müxtəlif diametrli 10 032 metr uzunluğunda qaz xətləri çəkilib. Saray və Xəzər bağ massivlərində, H.Z.Tağıyev qəsəbəsində və Yaşıldərə yaşayış massivində 22 842,5 metr uzunluğunda müxtəlif diametrli qaz kəməri yenisi ilə əvəz edilib. Şəhərin Nərimanov küçəsi boyunca və Daş bazarından Saray bağlarına gedən müxtəlif diametrli orta təzyiqli 2850 metr uzunluğunda metal boru polietilen borularla əvəzlənib. Yaşma qəsəbəsi, Saray bağları və Yaşıldərə yaşayış massivlərində əhali kateqoriyasına aid abonentlərin təbii qazla təmin edilməsi məqsədilə 17 915 metr uzunluğunda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib.

2013-cü ilin birinci yarısında Sumqayıt şəhəri üzrə 6 yeni qaztənzimləyici, 3 ədəd 80 mm-lik, 3 ədəd 100 mm-lik yeni siyirtmə quraşdırılıb. Müvafiq dövr ərzində 114 qaztənzimləyici və 197 siyirtmə təftiş edilərək təmir olunub. Yanvar-iyun aylarında Sumqayıt şəhəri və ətraf yaşayış sahələrində 1551 ədəd "smart-kart" tipli qaz sayğacı quraşdırılıb, 13 326 mexaniki sayğac isə "smart-kart" tipli qaz sayğacı ilə əvəz edilib.

Hazırda qazlaşdırma işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti