...

Azərbaycan enerji sistemini gücləndirir

Energetika Materials 27 Avqust 2013 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

Müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi altında respublikamızın Abşeron yarımadasında istismara verilən və generasiya güclərindən ən önəmlisi olan elektrik stansiyalarından biri, Şimal ES-nın kollektivi cari ilin 7 ayını da uğurlu istehsalat göstəriciləri ilə başa vurublar. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin saytında yerləşdirilən məlumatda bildirilir.

Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.
Stansiyadan "Azərenerji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin iyul ayında 186,6 milyon kilovatsaat, 7 ayı ərzində isə burada 1 milyard 125.3 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Mənbənin stansiyada payız-qış mövsümü ilə bağlı görülmüş işlər barəsində verdiyi məlumata istinadən onu da qeyd edək ki, tədbirlər planına uyğun olaraq, qrafik üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər başa çatdırılıb.

Onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilib, aşkar edilmiş qüsurlar aradan qaldırılıb. Eyni zamanda müxtəlif növ transformator və yağ çənləri üzərində quraşdırılmış su ilə avtomatik yanğınsöndürmə, həmçinin yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilib. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.

Xatırladaq ki, "Şimal" ES-in inkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə rəvac verilib. 21 sentyabr 2011-ci il tarixində Prezident İlham Əliyev "Şimal" ES-ə gələrək şəxsən ikinci 409 MVt-lik BQQ-nin təməlini qoyub. Müəssisədə energetiklər və inşaatçılar qarşısında çıxış edən ölkə başçısı tikinti-quraşdırma işlərinin ən qısa zamanda başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.

Sonda bildirmək lazımdır ki, ikinci enerji blokunun inşası ilə əlaqədar olaraq, yeni 220 kV-lik elektrik verilişi xətləri, yarımstansiyaların tikinti işləri də aparılır. Nəticədə isə Abşeron yarımadasının, bütövlükdə enerji sisteminin elektrik enerjisi ilə təminatının dayanıqlığı tam şəkildə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti